
"Turan Tovuz" klubunun qarşısına çempionluq hədəfi qoyulub".
Bir neçə gün əvvəl "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevin klubun mətbuat xidmətinə verdiyi bu açıqlama gündəmə bomba kimi düşdü.
Bəli, bir bölgə klubunun mövsümə bu cür iddialı başlaması alqışalayiqdir.
Tovuz futbol şəhəridir.
Hər zaman qeyd edirik ki, tovuzlulara hədəfləri böyük komanda yaraşır.
Bəs reallıq?
Bu gün məlum səbəblərdən "Turan" ev oyunlarını Bakıda keçirməli olacaq. Azarkeş amili ciddi hədəflər yolunda güclü silahdır. Kurban Berdiyevin yetirmələri bundan məhrumdur.
Digər önəmli məsələ, heyətin keyfiyyəti, kəmiyyəti baxımından hazırkı "Turan" kağız üzərində ən azı "Araz-Naxçıvan", "Sabah", "Neftçi" və "Zirə"dən geri qalır.
Hələ "Qarabağ"ı demirəm.
Bu gün böyük pullar xərcləyən, yenilənən "Neftçi" çempionluqdan danışmır.
Heç Murad Musayevli "Sabah" ən iddialı vaxtında "çempionluq mübarizəsində varıq" demirdi.
Səbəb sadədir - Ağdam klubundan titulu təhvil almağın nə qədər çətin olduğunu yaxşı bilirdilər.
Amma Ehtiram bəy fərqli düşünür. Yəqin ki, bir bildiyi, inandığı var.
Qısası, Ehtiram bəyin avazı yaxşı gəlir, bir də baxmaq lazımdır nə oxuduğuna.
Onu da mövsümün gedişində bilərik
XANOĞLAN İMANOV