Ehtiram Quliyev nə söylədiyini özü başa düşürmü, görəsən?

15:00 Turan 470
Ehtiram Quliyev nə söylədiyini özü başa düşürmü, görəsən?

Premyer Liqada növbəti mövsümün startına sayılı günlər qalıb.

Yay hamı üçün isti keçdi.

Transfer bazarında fəallıq müşahidə olundu və bu proses hələ də davam etməkdədir. klubların hər biri ayağını yorğanına görə uzatmağa çalışır. Kimin büdcəsinə nə qədər pul varsa, ona uyğun bazarlıq edir.

Hamı necə, «Turan Tovuz» da eləcə. Ötən iki ayda 10 nəfərlə vidalaşıb, 6 yeni oyunçu gətirən qərb təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev isə deyəsən, digər komandalarla qətiyyən maraqlanmır.

Məlumatı varsa belə, görtünür, bu, ötəridir. Onlar barədə xəbərlə elə-belə, ötəri ilgilənib.

İş adamının «Turan Tovuz»un qarşısına çempionluq hədəfi qoyması barədə dedikləri, açığı, məni çox heyrətləndirdi. Təəccüblənməkdən keçib.

İdman direktoru Səməd Nəsibov bizdən qaçır, yoxsa ondan soruşardıq ki, hörmətli Ehtiram bəy bu açıqlamanı verdiyi anda qızdırmalı olub? Bəlkə də yüksək təzyiqdən əziyyət çəkir və həmin an nə danışmasının fərqinə varmayıb.

Bildiyimizə görə, adam spirtli içkilərdən uzaqdır. Yoxsa fərz edərdik ki, kamera önünə sərxoş vəziyyətdə keçib.

«Turan» hara, çempionluq hara..? İbrahima Vadji xaricində (seneqallı hücumçunun da xroniki zədədən əziyyət çəkdiyi deyilir), el arasına çıxarılası bir adlı-sanlı oyunçu almayan komanda mövsümü ilk «beşlik»də başa vursa, deməli, mən futboldan heç nə bilmirəm.

«Qarabağ»a, «Zirə»yə, «Neftçi»yə, «Araz-Naxçıvan»a, «Sabah»a lazım olmayan futbolçulara qucaq açan «Turan»ın Türkiyədə keçdiyi yoxlama görüşlərinin nəticələri də, belə anlaşılır ki, Ehtiram Quliyevdən gizlədilib. D

örd sparrinqlə duelin heç birində qələbə qazana bilməyən, cəmi 1 qol vuran komandanın oyunu barədə ona məlumat verən olmayıb, görəsən?

Xəbəri yoxdur ki, futbolçular Kurban Berdiyevin əlindən boğaza yığılıb, keçdikləri məşq prosesindən dəhşətli dərəcədə narazıdırlar?

Oyunçuların şikayəti Türkiyənin o başından gəlib redaksiyamıza çatır, Quliyev buradan-bura onları eşitmir?

O, bir müddət sonra təkrar kamera önünə keçib, «mən zarafat edirdim» söyləsə, şok olmayın. Son 2 ildə Ehtiram Quliyevin mövqeyində kifayət qədər «u» dönüşü görmüşük.

Dünən pislədiyini bu gün tərifləyir. Yaxud dünən təriflədiyini bu gün pisləməsinə hardasa öyrəncəli olmuşuq.

AFFA, hakimlər, uşaq futbolu və digər mövzularda gah elə, gah belə danışması adət halını alıb. Bəzən emosionallığa qapılır, bəzən özündən çıxır.

Bir az ötür, 180 dərəcə dəyişir, sanki o sözləri dilə gətirən başqası imiş, ona aidiyyatı yoxmuş.

Əlqərəz, ciddi rəhbərə xas olmayan davranış sərgiəyir. Klub şefi kimi yox, tribuna adamı kimi danışır, öz aləmində «sağ-sol» edir.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti