Ehtiram Quliyevə niyə güvənmək olmaz?

08:50 Turan 253
Ehtiram Quliyevə niyə güvənmək olmaz?

Hünərli olmaq yaxşıdır. Amma dediklərin yalnız söz yığınıdırsa, bu hünər yox, manipuliyasiyadır.

Ehtiram Quliyev hörmət ediləsi klub rəhbərlərindəndir.

“Turan Tovuz”a müəyyən vəsait xərcləyir, klubu iddialı etməyə çalışır. İnfrastrukturun qurulması ilə də bağlı rayonda bir sıra işlər görüb. Bu il süni qazonun təbii ot örtüyü ilə əvəzlənməsi də alqışlanası addımdır.

Düzdür, klub I Divizionda olarkən tovuzlular onun hər hansı dəstəyini görməmişdi, elə alındı ki, komanda Premyer Liqaya vəsiqə qazandıqdan sonra səhnəyə çıxdı. Qısa müddətdə klubda çalışanları “yerbəyer” etdi, öz kadrlarını müxtəlif vəzifələrə əyləşdirdi. Səhv etdiyini düşünmürük, bəlkə də belə olmalı idi, çünki klubun Diviziondakı fəaliyyəti ilə bağlı xoş olmayan məqamlar vardı və onları aradan qaldırmaq üçün sınanmış insanlara güvənilməliydi. O başqa məsələ ki, Quliyevin öz kadrları da həmrəy deyil, klubun düşərgəsindən mütəmadi xoş olmayan xəbərlər gəlr. Ümid edirik, Ehtiram bəy onların qarşısını vaxtında alacaq.

Quliyev dünən maraqlı müsahibə verib və çox iddialı danışıb. Arzulamaq yaxşıdır, reallıq hissini itirəndə isə vəziyyət başqa olur.

SİTAT: “Mənim həyat fəlsəfəm onan ibarətdir ki, əgər bir yerdə yarış varsa, orada qalib olmaq da var. Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025/2026 mövsümünü qalib kimi başa vurmaq istəyirik. Azarkeşlərdən istəyimiz odur ki, klubun və futbolçuların yanında olsunlar, onları dəstəkləsinlər. “Turan Tovuz” klubunun qarşısına çempionluq hədəfi qoyulub”.

Ehtiram bəy özü-özünü təkzib edir – həm çempionluğu çətin və mümkünsüz sayır, həm də komandanın qarşısına bu hədəfin qoyulduğunu bildirir. İnanmadığın şeyi hədəfləmək normal bir şey deyil. İnam uğurun yarısıdır. Quliyev isə mümkünsüz saydığı/dediyi məqsədə köklənib. Bu, yersiz populizmdir.

Bir də axı qarşıya qoyulan hədəf üçün doğru addımlar atılmalıdır. Bu yay qərbliləri 10 futbolçu tərk edib, əvəzində 6 nəfər gəlib. Doğrudur, hələ yeni oyunçuların gəlməsi üçün zaman var. Lakin komandayla toplanış keçməyən futbolçuların hansı faydanı verəcəyi sual doğurur. Yeni oyunçuların gəlməsi, hazırlığını qaydaya salması, uyğunlaşması – ən azı 2-3 ay gedəcək və bir dövrə yekunlaşacaq. Hədəfi çempionluq olan komanda belə davranmamalıdır.

Tovuzluların transferləri də düşündürücüdür. İcarəyə götürülən Abdulla Rzayevi kənara qoysaq, yalnız bir oyunçu 26 yaşındadır. Digər yeni transferlər az qala baş məşqçi Kurban Berdıyevlə həmyaşıddır – 29, 30, 34, 30. Üstəlik, onlardan biri xronki zədəsi olduğu deyilən, son vaxtlar müntəzəm oynamayan İbrahima Vadjidir. Bu ansamblla nəinki çempionluğa, heç ilk beşliyə ümid etmək olmaz.

SİTAT: “Türkiyədəki təlim-məşq toplanışımız çox səmərəli keçdi. Baxmayaraq ki, hələ komandanı tam komplektləşdirmək olmadı. Çünki etdiyimiz transferlərdə yanılmaq istəmirik. Nəzərə alsaq ki, büdcəmiz o qədər də böyük deyil. Əlimizdə olan futbolçularla yüksək səviyyədə hazırlıq keçdik. İlk dəfədir ki, texniki heyətimiz bu qədər güclüdür. Komandaya fiziki hazırlıq mütəxəssisləri cəlb etmişik. Bundan başqa, tibbi personalımızı gücləndirdik”.

Transferlərdə yanılmamaq üçün nə qədər gözləmək lazımdır? Yoxsa transferi gec edəndə yanılma faizi az olur? Toplanış o zaman səmərəli olardı ki, tam heyətlə reallaşsın. Klubdan göndəriləcəyini eşidib şikayət edəcəyi ilə hədələyən, məhz bu səbəbdən heyətdə saxlanan Tural Bayramlı iləmi hədəfə doğru gedilir? Texniki heyət, fizki hazırlıq mütəxəssisi, tibbi personal – bunların gücləndirilməsi yaxşıdır, amma nəticə üçün yaxşı oyunçu heyəti lazımdır. Türkiyə toplanışı ərzində 4 yoxlama oyununda cəmi 1 qolun vurulması daha düşündürücü siqnaldır.

SİTAT: “Komandaya gəlişimizdən bu yana əsas hədəfimiz infrastrukturu gücləndirməkdir. Lakin düşünmədik ki, Tovuz şəhər stadionu kimin balansındadır və mülkiyyəti kimə qalacaq. Yəni etdiyimiz hər şey “Turan Tovuz”un daha da gücləndirilməsinə hesablanıb. Bu il də layihələrimizi davam etdiririk. Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi asan başa gəlmir. Əslində biz bu işi ötən ildən planlaşdırırdıq. Lakin turnir cədvəlində yer aldığımız mövqeyə görə bunu edə bilmədik. Azarkeşlərdən uzaq qalmağa cəsarətimiz çatmadı. Ot örtüyününün dəyişdirilməsi böyük maliyyə tələb edir. Əslində bu prosesə yayın əvvəlində başlayıb, yeni futbol mövsümünün başlanğıcına qədər bitirə bilərdik. Sadəcə ot örtüyünün özünün yetişmə sezonu olur. Məhz buna görə, sentyabrın əvvəlində stadiona təbii ot örtüyünün toxumları səpiləcək. Hazırda orada ciddi işlər gedir. Hava şəraitindən asılı olaraq, oktyabr ayında ot örtüyünün dəyişidirlməsi işləri yekunlaşmalıdır. Mənə məlumatlar gəlir ki, bəzi azarkeşlər gedən işlərlə tanış olmaq üçün tez-tez stadiona baş çəkirlər. Düşünürəm ki, bu il infrastruktur işlərinin ilkin mərhələsini başa vuracağıq”.

Ehtiram bəyin açıqlaması məntiqlidir və burada tənqidi yox, tərifi haqq edir. Amma kaş bunu ötən il edəydi. Kurban Berdıyevə yüzminlər xərcləyib klubu bir il geri atmaqdansa, bu mövsümə daha hazır vəziyyətdə başlamaq olardı. Nəticədə ötən mövsüm qazon da dəyişmədi, avrokuboka vəsiqə də qazanılmadı. Bu il isə təmir işləri üzündən komanda Tovuzdan qaçaq düşüb, deməli, yenə yüksək yer arzuları ürəkdə qalacaq. Quliyev kluba gəldiyi vaxt cızdığı plana sadiq qalsaydı, daha uğurlu klub rəhbəri olardı. Amma qəflətən Berdıyevin gəlişinin nəticə gətirəcəyinə ümid etdi, həm Əli aşından oldu, həm Vəli.

Quliyev hünərlidir, müsahibəsində ümidveric məqamlar da var. Lakin onun dediklərinə inana, bu şəxsə güvənə bilmirsən. Son iki ildə hansısa mövzu ilə bağlı bir-birinə zidd 2-3 açıqlamasını tapmaq olar. Hakimliklə bağlı dedikləri hətta lətifə mövzusudur. Ona görə də sabah fərqli söz deməyəcəyinə əmin deyilik. Amma avazı yaxşı gəlir. Çempionluq hədəfi ilə yola çıxıb, ümid edək ki, komandası heç olmasa, avrokuboka vəsiqə qazanar. Quliyevin hünərinə ehtiramla (futbolinfo)…

Digər Xəbərlər
Xəbər Lenti