
Bu yay «Qarabağ»dan ayrılan Marko Veşoviçin «Turan Tovuz»la apardığı danışıqlar dalana dirənib.
Bu haqda qərb klubundan redaksiyamıza məlumat verilib.
Bildirildiyinə görə, monteneqrolu müdafiəçi ilə bir müddətdir davam edən görüşmələr dondurulub. Səbəb tərəflərin maliyyə konteksində mövqelərinin üst-üstə düşməməsidir.
Belə ki, 33 yaşlı cinah oyunçusu ona təklif olunan müqavilə şərtlərini geri çevirib. «Turan» balkanlı legionerə iki dəfə təklif göndərib.
Öncə 200 min dollar ödəməyə hazır olan tovuzlular sonradan bu rəqəmi daha 20 min dollar artırıb.
Di gəl, Monteneqro yığmasının üzvü daha çox pul tələb etdiyindən, belə bir sıxıntı yaranıb.
Veşoviç başqa təkliflər alması barədə klub rəsmilərini məlumatlandırıb və bildirib ki, ən qısa zamanda seçim edəcək..
«Turan Tovuz» son 1,5 ayda bir neçə əməliyyatı tamamlayıb. Yeni alınan oyunçulardan biri də «Qarabağ»dan tanıdığımız İbrahima Vadjidir.
2023-cü ilin sentyarında 1,8 milyon avro qarşılığında «Sent-Etyen»ə satılan seneqallı hücumçu ilə 2 illik müqavilə bağlayıblar.
2021-ci ilin yayında «Legiya»dan dəvət olunan Marko Veşoviçə isə yalnız bu ilin iyununda «Qarabağ»la vidalaşıb.
Ölkə çempionu xroniki zədələrdən əziyyət çəkən müdafiəçi ilə müqavilənin müddətini yeniləməyib.
SPORTİNFO.AZ