
Premyer Liqanın ən yaşlı futbolçuları Kamal Bayramovla Anar Nəzirovdur.
“Şamaxı”da və “Zirə”də ehtiyat oyunçu statusu ilə barışan hər iki qapıçı bu il 40 yaşını tamamlayacaq.
Meydan oyunçularının arasında bu status Kristian da Silvaya məxsusdur. Ötən yay “Sabah”ı “Turan Tovuz”a dəyişən braziliyalının iyunda 36 yaşı tamam olacaq.
Maraqlıdır ki, Kristian bu yaşda həm komandasının aparıcı üzvüdür, həm də çempionatımızın seçilən yarımmüdafiəçilərindəndir.
Görəsən, bu yaşda fiziki hazırlığını necə qoruyur? Yaşca özündən cavanlara hansı tövsiyələri verə bilər?
Yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında sirrin reseptini deyib:
“Peşəkar futbolçu olduğumu sözdə yox, əməldə də göstərməyə çalışıram. Bunun üçün daha çox məşq edir, futbol ruhumu itirmirəm.
Ən önəmli səbəb futbolu sevməyim, futbolla nəfəs almağımdır. Uzun müddət oynamaq istəyirsənsə, düzgün mentalitetə sahib olmalısan.
Məsələn, mən pis günlərdə belə, ruhdan düşmürəm, işimdən soyumuram. Əksinə, daha çox güc alıram.
“Turan”ın “9 nömrə”si yaxın zamanda karyerasını başa vurmaq barədə düşünmür. Bundan sonra bir neçə il oynamaq üçün özündə güc hiss edir:
“Daha 3-4 il oynamaq üçün gücümün olduğunu düşünürəm. Lakin bəzən hadisələrin gedişatı bizdən asılı olmur.
Nələrsə dəyişir, ortaya hansısa problemlər çıxır. İndiki vəziyyətdə davam etsəm, 40 yaşa kimi oynaya biləcəymə inanıram”.
Kristian cari mövsümdə Premyer Liqada meydana çıxdığı 28 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib.
“Sabah”ın şərəfini qoruduğu 2021-2024-cü illər aralığında 71 matçın iştirakçısı olmaqla 4 qol vurub, 1 assistlə yadda qalmışdı.
HƏBİB