
“Həftəboyu məşqlərdə “Zirə”nin üstün cəhətlərinin qarşısını almaq yönündə hazırlaşmışdıq.
Tərslikdən qolu da gözlədiyimiz əks-hücumdan buraxdıq”.
“Turan Tovuz”un müdafiəçisi Faiq Hacıyev Sportinfo.az-a açıqlamasında komandasının “Zirə”yə məğlubiyyətini şərh edib.
Meydan sahibləri ikinci hissənin əvvəlində yekun nəticəni müəyyənləşdirən qolu vursa da, çox keçmədən Qismət Alıyev meydandan qovuldu.
35 dəqiqə say üstünlüyü ilə oynayan tovuzlular yaranmış imkandan istifadə edə bilmədi. Qol vurmaq bir yana, rəqib qapıçısını ciddi mənada narahat etmək də mümkün olmadı.
Faiq rəqibin azlıqda qalmasını özlərinin xeyrinə yox, ziyanına işlədiyini bildirib:
“Zirə” çempionatın ən yaxşı müdafiə olunan komandalarından biridir. Azlıqda qalmasına baxmayaraq, inamlı şəkildə müdafiə olunurdu.
Üstəlik, sona yaxın böyük qüvvə ilə geri çəkilib, əks-hücum şansı gözləyirdi. Yeganə çıxış yolu hava topları hesabına nəsə etmək idi ki, o da alınmadı.
Çünki “Zirə” qol vurandan sonra müdafiəyə xüsusi diqqət ayırır və qol vurmaq çətinləşir. Bəlkə də 11 nəfərlə oynasaydılar, bizə bu qədər çətin olmazdı.
Daşıdığımız məsuliyyəti dərk edirik. Çempionatın sonuna 3 oyun qalıb.
Axırıncı dəqiqəyə qədər mübarizə aparacağıq. Necə olacağını zaman göstərəcək. Yəqin ki, kubokun finalını gözləməli olacağıq”.
HƏBİB