Yəqin Ehtiram Quliyev utanır indi...

3 May 13:00 Turan 650
Yəqin Ehtiram Quliyev utanır indi...

Yəqin ki, Ehtiram Quliyevin əlacı olsaydı, Kurban Berdiyevi və onun özüylə gətirdiyi köməkçiləri elə indi «Turan Tovuz»dan qovardı.

İstəməyinə istəyir, amma qova bilmir, sadəcə.

Gücü çatmır.

Zəif rəhbərdir.

Bir də ödəyəcəyi təzminatı gözünün qabağına gətirəndə, əsməcəyə düşür. Əli gəlmir o boyda pulu çıxarıb çıxarıb verməyə və komandanı 73 yaşlı «Baba»nın zülmündən xilas etməyə.

Rusiyada şan-şöhrət yiyəsi olasan, bu yaşda durub Azərbaycana gələsən və topladığım bütün müsbət imic bir neçə ayın içində yerlə bir olsun… Doğrudan da, dəhşətli mənzərədir.

At yiyəsinə baxıb kişnəyər. «Turan Tovuz» ürək bulandıran futbolunu dünən Zirədə də nümayiş etdirdi.

Bacardıqları bu deyil, əlbəttə.

Yaxşı futbolçuları çoxdur və onlarla baxımlı oyun nümayiş etdirmək mümkündür. Berdiyev imkan vermir, neyləsinlər?!

Gül kimi köməkçisi var, Yunis Hüseynov. Qoca ona da qulaq asmır, dediklərini ciddiyə almır.

«Turan» Zirədə bir qol epizoduna girə bilmədi.

Kristian da Silvanın iki uzaqdan zərbəsini saymasaq, ev sahiblərinin qapıçısını narahat etməyi bacarmadılar. Rəqib 10 nəfərlə qalandan sonra da eyni şey. Haqlı məğlubiyyət aldılar.

Bildiyimizə görə, Ehtiram Quliyevin çevrəsi böyükdür, dost-aşnası çoxdur. Tez-tez onlarla yığışıb domino oynaması da məlumumuzdur.

Güman edirik ki, Quliyev daha belə məclislərdə «Turan»dan söz düşəndə, domino daşını zərblə stola çırpıb, komandasından, baş məşqçisindən fəxrlə danışmır, utanır.

Utanar da. Komandadır bu? Nə eni bilinir, nə uzunu.

Belə-belə gəlib «Qarabağ»a möhtac oldular.

Ağdam klubu kubokun finalında «Sabah»a uduzsa, avrokubokların qapıları üzlərinə bağlanacaq, ip də gedəcək, it də.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti