
Premyer Liqada turun maraqlı qarşılaşmalarından biri Mərdəkanda baş tutacaq.
30-cu turda “Kəpəz”lə səfər qarşılaşmasından qolsuz bərabərliklə ayrılaraq “Turan Tovuz”u özünə yaxın buraxan “Araz-Naxçıvan”ın bu dəfəki rəqibi məhz Tovuz təmsilçisidir.
Naxçıvanlılar 52 xalla üçüncü pillədə qərarlaşdığı halda, tovuzlular 47 xalla dördüncüdür.
Bu, o deməkdir ki, qonaqlar qələbə qazanacağı təqdirdə “Turan Tovuz”un bürünc medalları qazanmaq şansı bir xeyli artacaq.
Sözsüz, “Araz-Naxçıvan” xeyli vaxtdır bərk yapışdığı yerdən əl çəkmək niyyətində deyil.
Turun mərkəzi qarşılaşmasından əvvəl qərblilərin braziliyalı yarımmüdafiəçisi Sportinfo.az-a açıqlama verən Kristian da Silva deyib:
“Ard-arda əsas rəqiblərə qarşı oynayırıq. Əlbəttə, bu, həm zövq verir, həm də məsuliyyət hissini artırır.
Hazırda çempionatın həlledici mərhələəsindəyik. Bu günə qədər istənilən oyuna qələbə əzmi ilə çıxmışıq.
Dəyişən heç nə yoxdur. “Araz-Naxçıvan”la qarşılaşmada da məqsədimiz 3 xal olacaq.
Oyuna hazırıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.
Aprelin 18-də “Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
HƏBİB