«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev daha bir yerli futbolçunun üstündən qara xətt çəkib.
Azərbaycanda ikinci mövsümünü keçirən rusiyalı çalışdırıcı Xəyal Nəcəfova başqa komanda tapılmasını istəyib.
Klubdan redaksiyamıza verilən məlumata görə, o, yarımmüdafiəçinin xidmətində maraqlı olmadığını bildirib.
«Baba» ləqəbli çalışdırıcı hesab edir ki, uzun müddət zədədən əziyyət çəkmiş, dekabrın 22-də İstanbulda qasıq nahiyyəsindən əməliyyat olunmuş orta sahə oyunçusu rəqabətə tab gətirmək iqtidarında deyil.
Cari mövsüm Premyer Liqada 8 matça çıxmış və 1 məhsuldar ötürməylə yadda qalmış Nəcəfov hazırda bərpa dövrü keçir. Onun təqribən 1 ay sonra formaya düşməsi gözlənilir.
Kurban Berdiyevin xidmətində maraqlı olmadığı Tural Bayramlı da artıq istədiyi yerə gedə bilər.
Klub rəhbərliyi 2024-cü ilin yayından bəri burada çıxış edən yarımmüdafiəçi ilə pulsuz vidalaşmağa hazırdır.
Yetər ki, «Sumqayıt»ın yetirməsinin özünü maddi cəhətdən razı sala bilən tapılsın. Hələlik isə ona müştəri çıxan yoxdur.
Çempionluq iddiası ilə mövsümə başlayan, qış fasiləsinə kimi qeyri-sabit çıxış edən, nəticədə liderlər qrupuna daxil ola bilməyən «Turan Tovuz» hələlik transfer bazarında heç bir aktivlik göstərmir.
Baş məşqçinin planlarından kənarda qalan Veysəl Rzayevin «Kəpəz»ə keçidini nəzərə almasaq, burada ölü sükut hökm sürür.
74 yaşlı mütəxəssis adıçəkilən yarımmüdafiəçini şəxsən özü "Turan"a dəvət etmişdi.
İlk turlar komandanın əsas heyət üzvünə çevrilən 27 yaşlı oyunçu ardınca türkmən kökənli çalışdırıcının anlaşılmaz qərarı ilə üz-üzə qalaraq, ehtiyat skamiyanın daimi sakininə çevrilmişdi.
Tural ötən mövsüm 9 görüşdə meydana çıxıb. O da sezonun əvvəlində. Cari sezonun ilk yarısında isə onun üzünü görən olmayıb.
SPORTİNFO.AZ

