COP29

“Qalmaq istəyirəm, rəhbərlik, baş məşqçi nə qərar verəcək, bilmirəm”

21 Aprel 02:00 Sumqayıt 1 041
“Qalmaq istəyirəm, rəhbərlik, baş məşqçi nə qərar verəcək, bilmirəm”

"Sumqayıt" Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin kapitanı Vüqar Mustafayev sualları cavablandırıb:

- Oyuna yaxşı hazırlaşmışdıq. Matçın mahiyyətini dərk edirdik. Qələbəyə köklənmişdik. Rəqibimiz yaxşı komandadır. Tovuzda bütün komandalar çətinlik çəkir. Hazırlıqlı gəlmişdik. Düzdür, hər şey ola bilərdi. Şükürlər olsun ki, qələbə qazana bildik.

- Böyükhesablı qələbə gözləyirdiz?

- Hesabın necə olacağını bilmirdik. Bizim üçün əsas qələbə idi. Belə böyükhesablı qələbə gözləmirdik. Amma qələbə qazanacağımıza inanırdıq.

- Matçdan öncə söz-söhbətlər çox idi. Bunlar komandaya nə dərəcədə təsir etdi?

- Biz futbolçular olaraq bu şeylərə o qədər də fikir vermədik. Bilmirəm rəhbərlik necə düşünüb. Biz meydançanın içində qalmaq istəyirdik. Sosial şəbəkələrdəki söhbətlərin dərinliyinə getmirdik.

- Qələbə ilə avrokuboklar yolunda vacib addım atdız. Şansları necə dəyərləndirirsən?

- Qarşıda hələ 5 tur var. Turnir cədvəli sıxdır, hər şey ola bilər. Çalışacağıq ki, 5 oyunda maksimum nəticə qazanaq. Medallar qazanmaq şansımız da var.

- Qarşınıza avrokubok məqsədi qoyulmayıb?

- Məqsədimiz odur ki, bütün oyunlarda maksimum nəticə əldə edək.

- Konkret məqsəd olmayanda sanki psixoloji cəhətdən rahat olursuz. Necə düşünürsən?

- Hər futbolçu Avropa Liqasında, Konfrans Liqasında oynamaq, medal qazanmaq istəyər. Qarşımıza məqsəd qoyulmasa da, biz özümüz istəyirik.

- Hansı oyunlar sizin üçün həlledici olacaq?

- Biri "Turan Tovuz"la oyun idi. Buradan qələbə ilə ayrıldıq. Qarşıda "Qarabağ" və "Kəpəz"lə matçlar var. Bu iki oyundan çox şey asılıdır. Ondan sonra nəsə danışmaq olar.

- Mövsümün əvvəlində "Sumqayıt"a autsayder kimi baxırdılar. Nə dəyişdi ki, komanda artıq medallar uğrunda mübarizə aparır?

- Yəqin ki, ötən mövsümkü nəticələrimizə görə elə düşünürdülər. O qədər də geniş heyətimiz yoxdur. Amma komandada olan futbolçuların hamısı əzmkar və keyfiyyətlidir. Hamı komandanın yaxşı nəticələr qazanması üçün əlindən gələni edir. Yaxşı sonluğu hamımız istəyirik.

- Bu mövsüm az şans qazanırsan. Bu, zədələrlə bağlıdır, yoxsa heyətdəki rəqabətlə?

- Zədədən sonra yeni-yeni özümə gəlmişəm. Bəli, heyətdə rəqabət də var. Mənim mövqeyimdə oyunçular çoxdur. Baş məşqçi də oyundan-oyuna rotasiyalar edir.

- Az oynamağın performansına təsir edir?

- Performansına təsir etdiyini düşünmürəm. Sadəcə olaraq zədədən sonra çıxdığım iki oyunda penaltiyə səbəb olmuşam. Bu, məni psixoloji olaraq məyus edir. Komanda yoldaşlarıma təşəkkür edirəm ki, bu gün əzmkar oynadılar və qələbə qazandıq.

- Penalti epizodunu necə şərh edərdin?

- Rəqib daha ağıllı davrandı. Haqlı olaraq penalti verildi.

- Gələcəyinlə bağlı qərar vermisən?

- Hələ bu barədə danışmamışıq. Qalmaq istəyirəm. Rəhbərlik, baş məşqçi nə qərar verəcək, bilmirəm.

- Təkliflər var?

- Hazırda yoxdur. Amma qışda olub, komandada qalmışam. Artıq real deyil.

Digər Xəbərlər
Xəbər Lenti