“Sumqayıt”ın son turda səfərdə “Qəbələ”yə 0:5 hesabıyla yenilməsi düşərgədə ab-havanı əməlli-başlı korlayıb.
Sportinfo.az xəbər verir ki, “kimyaçılar”ın biabırçı məğlubiyyəti klubun əsas himayədarı “Azərikimya”da da böyük narazılığa səbəb olub.
Söylənilənlərə inansaq, şirkət rəhbərliyi baş məşqçi Ayxan Abbasovun istefasını istəyib. Lakin klub prezidenti Riad Rəfiyev çalışdırıcının tərəfini saxlayaraq, ona daha bir şansın verilməsini xahiş edib. Bu və başqa suallara cavab tapmaq üçün Riad bəylə söhbətləşməyi lazım bildik.
- “Sumqayıt”ın Qəbələdə böyük hesabla yeniləcəyini heç kim gözləmirdi. Ancaq nə qədər gözlənilməz olsa da, komanda autsayder qarşısında çökdü. Bu yenilgini nə ilə əlaqələndirə bilərsiz?
- Bəli, onu düz qeyd etdiz ki, belə məğlubiyyəti heç kim gözləmirdi. Hətta açıq danışsaq, komanda Qəbələyə 3 xal dalınca yollanmışdı. Bu qələbə bizim üçün çox vacib idi. Təəssüf ki, komandamız səfərdə çox zəif təsir bağışladı. 0:5 hesabı hər şeyi deyir. Amma acı məğlubiyyətə görə başımızı aşağı salmırıq, növbəti oyuna hazırlaşırıq. Qarşıda bizi “Səbail”lə çox vacib qarşılaşma gözləyir. Qəbələdəki oyunu unudub, növbəti görüşdə qələbə qazanmağa çalışacağıq. Bundan da ağır yenilgilərlə üzləşmişik. Amma çətin durumdan, “qara zolaqdan çıxmağı” bacarmışıq. İndi də var gücümüzlə növbəti matça hazırlaşırıq.
- Bəzən deyirlər ki, Qəbələnin iqlimi, daha dəqiq desək, dağlıq ərazi qonaq komandalara çətinlik yaradır. “Sumqayıt” iki gün öncədən səfərə yollanmışdı. Buna baxmayaraq, bunun heç bir xeyri olmadı...
- Bəli, komanda Qəbələyə iki gün əvvəlcədən getdi. Mən şəxsən məğlubiyyəti iqlim və ya başqa məqamlar ilə əlaqələndirməzdim. Futbolda bəzən görürsən ki, alınmayanda alınmır. Həmin gün meydan sahiblərində hər şey istədikləri kimi oldu. Bizdə isə tərsinə. Yenə deyirəm, futbolda belə hallar yaşanır.
- Yəqin siz də razılaşarsız ki, prezidenti olduğunuz klub qışdan sonra əvvəlki iki dövrədəki oyunu sərgiləmir. Komanda yalnız “Zirə”ni udub ki, həmin görüşdə də rəqib iki nəfər azlıqda olub. Sanki kollektivdə arxayınlıq yaranıb. Qəzetmizə açıqlama verən Rail Məlikov da bu məqama xüsusi toxunmuşdu.
- Mən sizinlə razıyam. Bəli, ilk iki dövrədəki “Sumqayıt”ı 3-cü dövrədə görmürük. Bizim ən çox qorxduğumuz da o idi ki, “Sumqayıt”ı çox tərifləyirlər. 0:5 hesabı ilə uduzmağımıza baxmayaraq, komandanın gözəl oyun nümayiş etdirdiyini söyləyənlərin sayı yetərincədi. Bu da istər-istəməz oyunçulara təsir edir. Kollektivin boşalacağından ehtiyatlanırdıq və bu da başımıza gəldi. Görünən odu ki, ehtimallarımız doğruldu. Təkrarçılıq olsa da, yenə vurğulamaq məcburiyyətindəyəm. İlk dəfə deyil ki, “qara zolağa düşürük”. İndi çalışıb toparlanmalıyıq və azarkeşlərimizə, futbol camiəsinə sübut etməliyik ki, son turdakı böyükhesablı məğlubiyyət bir qəza idi.
- Özünüz də qeyd etdiz ki, komandanın hardasa təriflərdən başının gicəlləndiyini güman edirdiz. Hər bir virusun qarşısını almaq üçün antivirus olur. Hətta son vaxtlar dünyanı cənginə alan koronavirusun Çində əlacı tapıldığı deyilir. Bilə-bilə ki, komanda təriflərdən boşala bilər, niyə bunun qarşısını almaq üçün əməli tədbirlər görmədiz? Və bu kimin günahıdı - klub rəhbərliyinin, yoxsa məşqçilər korpusunun?
- Burda hamımızın günahı var. Təkcə məşqçiləri ittiham etmək düzgün olmaz. Bəli, qışdan sonra cəmi bir qələbəmiz var və buna görə günahkar axtarışına çıxmaq indiki məqamda düz deyil. Bizə indi düşdüyümüz durumdan çıxış yolu tapmaq lazımdı. Geridə qalan matçları təhlil edib, harda səhvə yol verdiyimizi üzə çıxarıb, çatışmazlığı aradan qaldırmalıyıq.
- Komanda qələbə qazananda mükafat alır. Bəs belə acı məğlubiyyət yaşananda necə olur? Prezident kimi hansısa cəza və ya cərimə tətbiq etmək fikriniz var?
- Yox. Hazırda belə fikir yoxdu.
- Son günlər “Sumqayıt”ın oyunçularının adı müxtəlif klublarla yanaşı hallanır. Mətbuatda yayılan xəbərlərə inansaq, Əmir Ağayev “Neftçi”nin transfer siyahısındadı. Hətta deyilənə görə, futbolçu ilə paytaxt təmsilçisinin rəhbərliyi arasında artıq ilkin danışıq olub. Onunla yanaşı, Rəhim Sadıxovla da maraqlananlar var. Sizə elə gəlmir ki, bu məqam futbolçuların çıxışına təsir göstərir? Konkret Ağayevin timsalında bunu görmək mümkündü. Əmir son oyunlarda zəif təsir bağışlayır, ikili mübarizələrdən çəkinir. Sanki özünü qoruyur...
- Əslində bir tərəfdən bu sevindirici məqamdı. Bu onu göstərir ki, “Sumqayıt” həyata keçirdiyi transferlərdə səhvə yol verməyib. Heyətə qatdığımız oyunçular özlərini yaxşı tərəfdən göstərirlər və buna görə də başqa klubların maraq dairəsinə düşüblər. Belə deyək, seleksiyamız özünü doğruldub. Ancaq digər tərəfdən indiki vaxtda belə söz-söhbətin ortaya çıxması komandanın çıxışına istər-istəməz mənfi təsir göstərir. Əmirə gəlincə, o elə futbolçu deyil ki, özünü qorusun. Düzdü, son oyunlarda onun da oyununda bir qədər eniş yaşandığı görünür. Lakin bunu hansısa klubla danışıq aparması ilə bağlamaq düz olmaz. Məncə, özü də başa düşür ki, belə davam edəcəyi təqdirdə istədiyi müqaviləyə qol çəkə bilməyəcək. Odu ki, o da toparlanmalı, yenidən əvvəlki Əmiri meydanda göstərməlidi.
- Ayxan Abbasov dəfələrlə açıqlamalarında indiki heyəti qoruya biləcəyiniz halda növbəti mövsümdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaq komanda olacağınızı bildirib. Bəs klub prezidenti olaraq siz necə düşünürsüz, mövsümün sonunda aparıcı oyunçuları düşərgədə saxlaya biləcəksiz?
- Hər klubda olduğu kimi, “Sumqayıt”ın da illik bəlli büdcəsi var. Və biz də maliyyə imkanlarımıza görə ayağımızı uzadırıq. Müqaviləsinin müddəti bitən və mövsümboyu özünü yaxşı tərəfdən göstərən futbolçu ilin sonunda gəlib şərtlərə yenidən baxılmasını istəyə bilər. Fikrimi daha dəqiq ifadə etsəm, maaşının artırılmasını tələb edər. Onun tələbi büdcəmizə uyğun olarsa, həmin oyunçu ilə yeni anlaşma imzalaya bilərik. Yox, bizim təklifimizlə onun istəyi üst-üstə düşməsə, yollarımız ayrılacaq. Bunu da normal qarşılamaq lazımdı.
- Belə çıxır ki, cari mövsümdə “Sumqayıt”ın aparıcı futbolçuları sayılan Aleksey İsayev, Rəhim Sadıxov, Əmir Ağayev və başqaları 2020/21 “futbol ili”nə başqa komandaların heyətində başlaya bilərlər.
- Mən indi ad çəkməyəcəm. Elə futbolçularımız var ki, onunla müqavilə müddəti cari mövsümün sonunda bitir. Ancaq əksəriyyətinin anlaşması 2021-də başa çatır.
- Əsas komanda ilə yanaşı, bu gün birinci divizionda çıxış edən “Sumqayıt-2” də var. Bildiyim qədər “ikincilər”in də çempionat oyunlarını yaxından izləyirsiz. “Sumqayıt”ın sabahına ümidiniz var?
- Özünüz də bilirsiz ki, məlum səbəbdən gənclərimizə xüsusi diqqət yetirməyə məcburuq. “Sumqayıt”ın gələcəyi akademiyamızın yetirmələri üzərində qurulub. Başqa klublar kimi Braziliyadan, Afrikadan və ya Avropa ölkələrindən legioner dəvət etməyə maddi imkanımız yoxdu. Ən yaxşı halda əslən azərbaycanlı oyunçuları komandaya dəvət edə bilərik. Ona görə də məcburuq öz yetirmələrimizi yetişdirək və gələcəkdə onların xidmətindən yararlanaq. Bunun üçün istər “Sumqayıt” Futbol Akademiyasının aşağı yaş qruplarına, istərsə də əvəzedici heyətə ciddi yanaşmalıyıq. Özünüz də görürsüz ki, hazırda komandanın heyətində Rüfət Abdullazadə, Səbuhi Abdullazadə, Xəyal Nəcəfov, Süleyman Əhmədov kimi sumqayıtlılar, öz akademiyamızın yetirmələri yer alıblar. Qış fasiləsində perspektiv vəd edən, akademiyanın yetirməsi olan Cavid Quliyev əsas komandaya cəlb olundu, Antalya toplanışında iştirak etdi. Bu gün də əsas komandadadı. Əsas məqaədimiz güclü akademiyaya malik olmaqdı. Hazırda deyərdim ki, Azərbaycanda iki güclü futbol akademiyası var ki, biri “Qəbələ”di, biri də “Sumqayıt”. Buna görə də hər iki komandanın heyətində bu gün yerli oyunçuların sayı o birilərinə nisbətən daha çoxdu. Gündən-günə infrastrukturumuz da yaxşılaşır. Almaniyadan dəvət etdiyimiz Hakan Sünalın işi göz qabağındadı. Onun sayəsində aşağı yaş qrupunda çalışan məşqçilər də öz bilik və bacarıqlarını artırırlar. Bu yaxınlarda U-17 komandamızda çıxış edən 4 futbolçu ikinci komanda ilə peşəkar müqavilə bağladı. Və “Sumqayıt-2”nin heyətində birinci divizionda son üç oyunda meydana çıxdılar.
- “Sumqayıt”ın qarşıdakı 5 il üçün müəyyənləşdirdiyi siyasət var. Gələcəkdə komandanın 60-70 faizini sumqayıtlı futbolçular təşkil etməlidi. Özünüz də qəzetimizə əvvəlki müsahibənizdə bunu bildirmisiz. Sizcə, planınız reallaşacaq?
- Bu bizim üçün prioritetdi. Bu yolla davam edəcəyik və inanıram ki, yürütdüyümüz siyasət bəhrə verəcək. Futbol elə sahədi ki, nə qədər tələssən də, zamanı qabaqlamaq istəsən də, mümkün deyil. Ona görə də bir yox, iki yox, məhz 5 illik plan nəzərdə tutmuşuq. Ötən illə cari mövsümü müqayisə etsəz, özünüz də görərsiz ki, bu siyasətimizə indidən start vermişik. Gənclərimizə daha çox güvənirik, onların meydanda olmaq vaxtı istər dəqiqə, istərsə də oyun sayı baxımından daha artıqdı.
- Sonda sizinlə bağlı sual vermək istəyirəm. Futbol camiəsində belə söz-söhbət gəzir ki, Riad Rəfiyev hazırda “Sumqayıt”ın prezidenti olsa da, tezliklə iş yerini dəyişəcək. Mümkünsə, buna da münasibət bildirərdiz.
- İnanın mənə, belə söz-söhbət yoxdu. Ola bilsin, kimsə subyektiv fikirilərini bölüşür, bunu mediaya yansıdır. Rəfiyev bu gün “Sumqayıtda”dı və heç hara da getməyi planlaşdırmır. Bizim uğurlarımız qarşıdadı (Futbol+).