COP29

Belə rəhbərliklə işləmək yeni baş məşqçiyə çətin olmayacaq ki?

23 İyun 11:05 Şamaxı 1 503
Belə rəhbərliklə işləmək yeni baş məşqçiyə çətin olmayacaq ki?

Ayxan Abbasovun «Turan Tovuz»dan ayrılması mayın 28-də açıqlandı.

İyunun 3-də isə artıq hamı onun yeni klubundan - «Şamaxı»dan danışırdı.

Bir həftə də çəkməyən işsiz günlərini geridə qoyan Abbasovu bu dəfə tamamilə fərqli macəra gözləyir. «Şamaxı», nə «Zirə»dir, nə də «Sumqayıt».

«Şamaxı» heç «Turan Tovuz» da deyil. «Şamaxı» elə «Şamaxı»dır – Premyer Liqa ilə I Liqa arasında «lift» olmaq narahatlığı yaşayan klub.

Tanınmış telejurnalist Emin Abbasov «Şamaxı»nı idarə edənlərin futbol məfkurəsinə hələ 1 il öncə bu cür diaqnoz qoyub: «Futbolu sevən, amma futbola yanaşması həvəskarlıqdan o yana keçməyənlərdən ibarət bir qrup».

Bu qrupda daha kimlər yoxdur ki… Vaxtilə Orxan Fikrətoğlunu da tapıb İdarə Heyətinə üzv eləmişdilər.

O da bir az oradan-buradan danışandan, idman mediasının bostanına yerli-yersiz daş atandan sonra ortalıqdan yox oldu, son 1 ili I Liqada keçirən komandanın yanında görünmədi.

«Şamaxı»nın başbilənləri Ramiz Məmmədovu göndərməklə səhv, Ayxan Abbasovu gətirməklə düz elədi.

Səkkiz ay vəzifə başında dayanıb 18 oyun keçirən, bu müddətdə 12 qələbə qazanan, uduzmayan və yalnız 6 dəfə heç-heç edən bir mütəxəssisi görvədən alan rəhbərlikdən hər şey gözləmək olar.

Vüqar Əsgərli qalsaydı, «Şamaxı» mövsümü liderlər qrupunda da bitirə bilməyəcəkdi, Ramiz Məmmədov gəldi, ölmüş ümidləri diriltdi, gül kimi komanda yaratdı: oyunu ilə iddialı, nizam-intizamıyla başqalarına örnək.

Ayxan Abbasovdan isə Premyer Liqada iddialı olmağı heç kim istəmir və istəyə də bilməz. Premyer Liqada qalsalar, bu, onlar üçün elə çempionluq kimi bir şey olar.

Şübhə etmirik ki, yeni baş məşqçi bunun üçün əlindən gələni əsirgəməyəcək. Ancaq aydın məsələdir ki, bu yol hamar olmayacaq - marafonun enişi var, yoxuşu var.

Ard-arda məğblubiyyətlər gələ bilər və tribunanın VİP-lojasını dolduran şəxslərin həmin günlərdə özlərini necə aparmasından, öz aralarında nə danışmasından çox şey asılıdır.

Ayxan Abbasov gərək qorunsun - başçıya yaxın şəxslərdən tutmuş ta menecerinə, inzibatçısına kimi hamıdan.

Adı klubun rəsmiyyətinə salınmayıb cismən burada olan, paltardəyişmə otağına girib-çıxmağa adət etmiş, triubunadan göstəriş verməyi vərdiş halına gətirmiş bəzi məmurlar var ki, yeni baş məşqçi onlarla komanda arasına sərhəd çəkməlidir.

Emin Zamanov bu şəxslərin nəzərində Messi və Ronaldodur. Onu dinləyir və dediklərini edirlər.

Zamanov istəyəndə məşqçilərin səlahiyyətlərinə də qarışır, heyət, maaş və mükafat kimi məsələlərdə sözünü keçirir.

Ayxan Abbasov qarşısına qoyulan məqsədə çatmaq istəyirsə, gərək rəhbər masasındva boy sırası göstərənlərə anlatsın ki, Zamanov Premyer Liqa səviyyəsində futbolçu deyil, burada kapitanlıq sarğısını daşıya bilməz.

Emin yeni baş məşqçinin ayağının tozuyla yeniləməyə başladığı komandada ən yaxşı halda say düzəldə, ehtiyat skamyada özünə yer isidə bilər.

Abbasovun yaxşı kollektiv yaratmaq bacarığı hamımıza bəllidir. Yeri gələndə, siyasətçi, yeri gələndə də səmimi olur. Bəzən isə hisslərini boğmağa gec qalır, emossional davranır.

Onu Şamaxıda işləməyə razı salmaq üçün əldən-ayaqdan gedən idarəçilər gərək Abbasovu başqaları ilə səhv salmasın.

Ondan icazəsiz futbolçularla ünsiyyət qursalar, düşərgədə cərəyan edən proseslərdən gündəlik xəbər tutmaq üçün başqa yollara baş vursalar, bir də eşidəcəklər ki, o, hər şeyə tüpürüb və çıxıb gedib.

Yəni ki, həvəskar adamlar əvvəlki vərdişlərindən əl çəkməlidir, əks halda, sezonun lap başında yeni çalışdırıcı axtarışına çıxmaq məcburiyyətində qalacaqlar.

Futbolçu İcra Hakimiyyətinin qəbul otağını, prokurorun kabinetini tanımamalıdır. Ayxan Abbasov onların sorağını belə yerlərdən alsa, əsl qiyamət qopacaq!

Adamın dili var, dilçəyi də var, lap ardıcıl 5 oyun uduzsalar belə, səlahiyyət yiyələrinin önündə əzilib-büzülməyəcək, sözünü deyəcək, nəsə xahiş etməyəcək.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti