"Onunla bir yerdə "Qarabağ"da yaxşı günlərimiz olub"

4 Sentyabr 2020 20:00 Səbail 2 469
"Onunla bir yerdə "Qarabağ"da yaxşı günlərimiz olub"

"Səbail"in yeni transferi və millimizin sabiq yarımmüdafiəçisi Əfran İsmayılov Sportinfo.az-a müsahibə verib.

- Əfran, "Səbail"ə keçidin necə baş tutdu?

- 2 gün əvvəl Aftandil müəllim zəng edib, görüşmək istədiyini dedi. Getdim görüşdük, razılaşdıq və "Səbail"ə transferim alındı.

- Ölkə xaricindən də təkliflərin vardı. Gedişinə nə mane oldu?

- Bəli, ölkə xaricindən təkliflərim vardı. Daha dəqiq olanı isə Gürcüstan klubuna keçidim idi. Amma həmin komanda paytaxt Tiflisdən uzaqdaydı. Bundan başqa bir neçə amil qərarıma təsir etdi. Burada qalmaq şansı olmasa, son variant kimi oranı düşünürdüm. Amma elə alındı ki, burada qalası oldum.

- Uzun müddət iddialı klublarda çıxış etmisən. Hazırkı "Səbail" isə çempionatın autsayderi sayılır. Burada çıxış etmək sənə çətin olmayacaq?

- Mən elə deməzdim. İki il əvvəl komanda Avropa Liqasında iştirak edib. Son mövsümdə isə son anda avrokuboklardan kənarda qaldı. Məncə, digər klublarla aramızda elə də fərq yoxdur. Yalnız "Qarabağ"ı xüsusi fərqləndirmək olar. Bir də "Neftçi" fərqlənir. Düzdü, "Səbail"i nisbətən hardasa zəif sayanlar var. Amma baş məşqçimiz uzun müddətdir buradadır. İnanıram ki, yaxşı nəticə qazana biləcəyik.

- Bir neçə klubda bərabər çıxış etdiyin Rauf Əliyevlə yenidən bir komandanın uğurları üçün çalışacaqsınız ...

- Raufu uzun müddətdir tanıyıram. Futboluna yaxından bələdəm. Onunla bir yerdə "Qarabağ"da yaxşı günlərimiz olub. Yenidən bir yerdəyik. Bu sevindirici haldı. Əlimizdən gələnin ən yaxşısını "Səbail" üçün etməyə çalışacağıq.

- Ümumiyyətlə, yeni komandan olan "Səbail"in Azərbaycan Premyer Liqasında şanslarını necə dəyərləndirirsən?

- Maksimumunu etməyə çalışacağıq. Düzdü, heyətdən çox futbolçu ayrılıb, amma heç kim əvəzedilməz deyil. İnanıram ki, yeni gələnlər gedənlərin yerini dolduracaq. İndidən başdan yuxarı danışmaq istəmirəm. Ancaq ən yaxşısını etməyə çalışacağıq.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti