Azərbaycanda belə klub olmayıb, heç vaxt da olmayacaq! - VİDEO

25 İyun 2020 14:50 Səbail 990
Azərbaycanda belə klub olmayıb, heç vaxt da olmayacaq! - VİDEO

AFFA İcraiyyə Komitəsi 3 kluba güzəştə gedib, eyni zamanla xəbərdarlıq edib.

Hörmətli müəllimlər «Qarabağ», «Zirə» və «Səbail»ə tapşırıb ki, qonşudan geri qalmayın, siz də bir qadın komandası yaradın.

Yoxsa…

Vəziyyət çönə, rənglər tündləşə bilər. Hətta avrokuboklardan kənarlaşdırmaya qədər.

Ağır dərddi. «Qarabağ»la «Zirə»nin imkanı yerindədir, istəsələr, 1 günə qadınlardan ibarət 10 komanda çıxararlar ortaya. Sadəcə, fəlsəfələrinə bab iş deyil bu. Onlara görə, qadınların futbol oynaması bəyənilməyən hərəkətdir, odur ki, əllərini ağdan-qaraya vurmurlar.

«Səbail»in problemi bir başqadır. Bayıl yamacının ətəyində sürüşməyə məruz qalan, sərkərdan həyatı yaşayan klubun nə 1 abbasıı var, nə də parası. «Səbail»dən söz düşəndə, yadıma Nikulinin məşhur «I əməliyyatı» gəlir.

Burada «ya» deyən bir nəfərdir, özgəsini tapa bilməzsiz. İstəsəz də, istəməsəz də. Hər işin arxasınca bir nəfər qaçır. Nə deyirsiz, tanış olaq onunla? «Olaq» deyirsiz, olaq da.

Klubun prezidenti – Aftandil Hacıyev
Klubun vitse-prezidenti - Aftandil Hacıyev
Klubun idman direktoru - Aftandil Hacıyev
Klubun icraçı direktoru - Aftandil Hacıyev
Komandanın baş məşqçisi - Aftandil Hacıyev
Komandanın mühasibi - Aftandil Hacıyev
Komandanın rəisi - Aftandil Hacıyev
Klubun mətbuat katibi - Aftandil Hacıyev
Komandanın baş inzibatçısı - Aftandil Hacıyev
Komandanın həkimi - Aftandil Hacıyev
Komandanın tərcüməçisi, aşpazı, masajçısı yenə Aftandil Hacıyev…

Zillətə bax sən. Hər oğulun işi deyil bu boyda yükü çəksin, başını dik tutsun, üzüağ olsun.

Sonra da AFFA «Səbail»ə irad tutur, məzəmmət edir ki, nə üçün qadın komandanız yoxdur. Niyə olsun ki? Guya klubun hər şeyi vardı, bir saqqal darağı çatışmırdı.

Utanmasalar, deyərlər ki, Aftandil Hacıyev, day keçib, qadınlardan ibarət bir komanda yarat, özün də ol baş məşqçisi. Hanı bu klubun rəhbəri, öndə gedəni, sayanı, saydıranı..?

«Səbail» federasiyanın öz əliylə, başqalarından xeyir-dua almadan yaratdığı klubdur, bura baxın, indi özləri özlərinə irad tuturlar. Əcəb işdir!

Başları pula, qazanmağa elə qarışıb ki, dünən yedikləri bu gün yadlarından çıxır, birdən-birə ayılıblar ki, bəs vay, dədəm vay, qadın futbolu yaratmaq lazım imiş, yaratmayıblar.

Olar, mən də bir sual verim indi? İcazənizlə soruşum: Bu məqsəd üçün ayrılan pul var idi ha, o necə oldu, kimin cibinə getdi, xatırlayırsız heç?

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda