2016-cı ilin yayında yaradılan «Səbail» fəaliyyətini dayandıra bilər.
Sportinfo.az bu haqda məlumatı AFFA-dan əldə edib.
Redaksiyamıza ötürülən informasiyaya görə, hazırda federasiya ilə SOCAR arasında bu səpgidə müzakirələr gedir. Burada əsas «Kəpəz»dir. Qurum Gəncə təmsilçisini Premyer Liqaya qaytarmaq, bununla da, yerli publikanı sakiləşdirmək istəyir.
Axı «Kəpəz» 2018-ci ildə elitadan düşəndə onun saclanılması üçün nəzərdə tutulan vəsaitin böyük hissəsi «Səbail»ə verilmişdi. Belə demək mümkünsə, AFFA indi əks istiqamət üzrə çalışmağı götür-qoy edir.
Burada ikinci bir məqsəd Tamerlan Abdullayevi mədəni surətdə futboldan uzaqlaşdırmaqdır. AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov uzun müddətdir ki, klubun faktiki prezidenti ilə «mehriban düşmənçilik» siyasəti aparır.
Çünki Abdullayev onun tapşırıqlarını yerinə yetirmir, qarşısında baş əymir. Məmmədova yaxın kadrların bir çoxu artıq «Səbail»i tərk edib.
İcraçı vitse-prezident isə həm buna, həm də onun üçün bundan da vacib olan maliyyə məsələlərinə birbaşa qarışa bilmir. Onun gücü yalnız SOCAR-ın «dənizçilər»ə ayırdığı vəsaitin miqdarını aşağa salmağa çatıb, pulun xərclənməsinə nəzarət isə əlindən çıxıb.
Məmmədov revanş götürmək üçün bütün qüvvəsi ilə səfərbər olub. «Səbail»i Premyer Liqadan uzaqlaşdırıb, «Kəpəz»ə gətirməklə «bir güllə ilə iki dovşan» vuracağına əmindir.
Bir tərəfdən, bölgə təmsilçisini elitaya dartmaqla tənqidlərdən yaxa qurtaracaq, o yandan isə Abdullayevin şəxsində onunla hesablaşmayanları zərərsizləşdirəcək – Məmmədovun futboldan və futbol idarəçiliyindən anlayışı sıfıra bərabər olsa da, belə «layihə»lər fikirləşməkdə superdir.

