"Bəzi klublarda maliyyə problemləri hiss olunmağa başlayıb"

19 Aprel 2020 17:40 Səbail 710
"Bəzi klublarda maliyyə problemləri hiss olunmağa başlayıb"

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Sportinfo.az-a müsahibə verib.

- Fasilə müddəti necə keçir?

- Çempionatın olmamağı fərqli atmosfer yaradıb. Son məşqimizdən sonra 10 gün heç kim anlamırdı nə baş verdiyini. 10 gündən sonra başladıq fərdi məşqlər etməyə. Müəyyən qədər bu vəziyyətə uyğunlaşmışıq. Yavaş-yavaş düşdüyümüz durumdan çıxmağa çalışırıq. Ümid edirik ki, bu son artırılmış karantin müddəti olar.

- Futbolçular formada qalmaq üçün fərdi məşqlər edir. Bəs özünüz formada qalmaq üçün nələr edirsiniz?

- Bəlkə də bu gün ən çox formada olan elə özüməm (gülür). Hər gün məşq edirəm. Heç işləyəndə bu qədər məşqə imkanım olmurdu. Bundan başqa mütaliə edirəm, köhnə oyunlarımızı izləyirəm. Təhlilər aparıram ki, harda səhvlər etmişik. Oyunumuzu necə yaxşılaşdıra bilərik.

- Köhnə oyunlara baxıb, səhvləri təhlil etdiyinizi dediniz. "Səbail" arxada qalan dövrdə hansı səhvləri edib?

- Çempionat boyu bizdə qeyri-stabillik müşahidə olundu. Oyunlara təkrar baxanda görünür heç də pis oyunlar keçirməmişik. Oyunların çoxunda yüksək səviyyədə çıxış etdiyimizi deyə bilərəm. Sadəcə ikinci dövrədə bəxtsizlikdən itirdiyimiz xallar olmasa, indi daha yaxşı yerlərdə ola bilərdik. Qışdan sonra komandanın performansı yaxşılaşdı. Daha yaxşı nəticələr qazandıq. Bunun davamlı olması üçün çempionatın davam etməsi lazım idi.

- Hazırkı vəziyyət əcnəbi futbolçulara daha çətindir. Çünki həm vətənlərindən uzaqdılar, həm də sevdiklərindən. Yerli futbçulara nisbətən onlara daha çox diqqət ayrılırmı?

- Hər bir futbolçumuzla davamlı olaraq əlaqə saxlayırıq. Bu vəziyyət hamı üçün eynidir. Düzdü, əcnəbilər sevdiklərindən uzaqdadır, amma bu gün texnologiya o qədər inkişaf edib ki, hamı telefon ailəsi və sevdikləri ilə danışa bilir. Ölkələrindən xəbərdardılar. Ən sevindirici məqam odur ki, hər birininin yaxınlarından bu xəstəliyə yoluxanı yoxdur.

- Hazırkı fasilənin istənilən sahəyə ciddi zərərləri olacağı proqnozlaşdırılır. Sizcə, dünya futbolunda nə kimi dəyişiklər ola bilər?

- Bizim üçün hər nə qədər öz çempionatımız maraqlı olsa da, bu virusa görə, AÇ-2020 kimi böyük turnirin təxirə salındığnı unutmaq olmaz. Bu baş verənlər futbola mənfi təsirsiz ötüşməyə bilməz. Həm maliyyə baxımından, həm də psixoloji baxımdan heç də yaxşı hal deyil. Qarşıdakı aylarda bu hiss olunacaq. Artıq indidən eşidirik ki, bəzi klublarda maliyyə problemləri hiss olunmağa başlayıb.

- Bu qədər fasilədən sonra bərpa olmaq üçün yəqin ki, toplanış xarakterli məşq proqramı lazım olacaq. İndidən bu baxımdan hansısa planlarınız varmı?

- Artıq birinci gündən onlayn məşqlərə keçmək fikrimiz var. Karantin müddətinin nə vaxt başa çatmağından çox şey asılıdır. Ondan sonra PFL və klublar birgə müzakirələr aparıb ortaq qərara gələcəklər. Ondan sonra hansısa proqram haqda düşünmək olar.

- Mayın sonu müqaviləsi bitəcək futbolçulardan özlüyünüzdə ayrılıq qərarı verdiyiniz kimlərsə varmı?

- Biz bir çox futbolçumuzla müqaviləni iyun ayı daxil bağlamışıq. Az sayda futbolçumuzun mayda müqaviləsi başa çatır. Hal-hazırda onlardan kimləsə yolları ayırmaq haqda hələ düşünməmişəm. Çünki çempionat hələ başa çatmayıb. Qarşıda olan oyunlarda qərarıma təsir edəcək oyunlar ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti