COP29

Düz yolda ol(may)an!

23 Sentyabr 11:40 Səbail 1 761
Düz yolda ol(may)an!

«Səbail» Şahin Diniyevin əlinin altında inildəməkdə davam edir.

Premyer Liqada növbəti məğlubiyyətini «Sabah»dan aldılar.

Yeddi tura vur-tut 4 xal toplamış «Səbail»in baş məşqçisi yenə kreslosundan dördəlli yapışıb, istefa ərizəsi yazmağı ağlının bir küncündən də keçirmir. Hələ utanmaz-utanmaz iddia eləyir ki, düz yoldadırlar.

Hmm…

Hər yay 10-15 legioneri yola salıb, eyni sayda legioneri düşərgəyə gətirən Diniyev yalnız qazanmır, həm də taftalogiya ilə məşğuldur.

Uduzduqları hər oyundan sonra «düz yoldayıq» söyləməklə, klub rəhbərliyini də, ictimaiyyəti də, «Səbail»in bir ovuc azarkeşini də ələ salır.

Görürsüz, o qalstuklu «qaqalar»dan bir nəfər demir ki, ay mən deyən, bəsdir, məzələndin bizimlə.

Şahin Diniyev arxalı biridir. «Səbail»ə xahiş-minnətlə gəlib, tapşırıqla qalıb. Onu Rauf Vəliyevə necə möhkəm-möhkəm tapşırıblarsa, nə klubun İdarə Heyətinin sədri, nə də funksionerlər cınqırını çıxara bilir. Hamısı susub oturub yerində.

«Səbail»də Diniyevi istəyən biri özüdür, bir də ətrafına yığdığı, hərəsinə bir iş verdiyi qohum-əqrabası, tanış-tunuşu.

Həqiqətən onun dediyi kimidirsə, yəni, düz yoldadırlarsa, hanı, harada qaldı nəticə?

Diniyev üç-dörd tura vəziyyəti düzəldəcəklərini vəd etmişdi, yadına salın ki, adam, çempionatın başlamasından yeddi həftə keçib ey! Komanda turnir cədvəlinin «dib»inə yuvarlanır, sən hələ də düz yolda olmaqdan danışırsan!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti