"Onlar təhlükəli insanlardır, istəyəndə pul verirlər, istəməyəndə yox" - RIBKA

7 Yanvar 2020 15:15 Səbail 1 208
"Onlar təhlükəli insanlardır, istəyəndə pul verirlər, istəməyəndə yox" - RIBKA

"Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin mətbuatına müsahibə verib. Sportinfo.az həmin müsahibəni təqdim edir.

- Aleksandr, 2019-cu ili Azərbaycan "Səbail"ində özünüz üçün necə dəyərləndirərdiz?

- Düşünürəm ki, zədəm olmasına, payızda çox oyun buraxmağıma baxmayaraq, ümumilikdə 2019-cu ili aktivimə yazmaq olar. Zədələr futbolçu karyerasının tərkib hissələridir. Hərdən belə neqativ hallar olur. Amma bundan sonra da başınızı qaldırıb, geri dönməlisiz. Ötən mövsümün ikinci yarısını müsbət qiymətləndirirəm. Komandaya gəldim, oynadım və 3-cü yeri tutub, avrokuboklara yollandıq.

- Zədə nə dərəcədə ciddi idi?

- Əvvəllər məndə belə zədə olmayıb. Çarpaz bağlarım qopmuşdu və 6 aylıq sıradan çıxmışdım. Xoşbəxtlikdən bərpa prosesi uğurlu keçdi. Həkimlər necə proqnozlaşdırmışdılarsa, elə də oldu. Nəticədə ötən ilin sonlarında 3-cü çempionatda, 2-si isə kubokda olmaqla, 5 oyun keçirə bildim.

- Ötənilki uğurlu çıxışdan sonra "Səbail" bu mövsüm sonuncu pillədə gedir. Bunun səbəbi nədir?

- Ümid edirəm ki, yazda vəziyyəti düzəldəcəyik. Klub rəhbərliyi və məşqçilər korpusu da bunun səbəblərini araşdırır. Hamımız bundan nəticə çıxaracağıq. Qarşıda qış toplanışı var. Oyunumuzu yaxşılaşdırmağa çalışacağıq.

- Komanda autsayder olmağa layiqdir?

- Oyun-oyun baxsaq, zədəli olduğum vaxt kənardan izlədiyim matçlar arasında yalnız "Qəbələ"yə 0:1 hesabı ilə uduzduğumuz görüşdə "dişsiz" idik. Digər qarşılaşmalarda isə üstünlüyümüz olub, amma gülünc və axmaq səhvlər komandanın lazımi nəticələrə çatmasına imkan verməyib.

- Hazırda Azərbaycan çempionatında format necədir?

- Qarşıda iki dövrə var. Amma Ukraynada olduğu kimi, yazda qruplara bölünmə olmayacaq. Növbəti çempionatda komanda sayını 10-a yüksəltmək istəyirlər.

- Çempionatın səviyyəsi nə yerdədir?

- Düşünmürəm kİ, onların çempionatlarının səviyyəsi çox aşağı hesab olunmalıdır. "Qarabağ"la rəqabət aparmaq, əlbəttə, çətindir. Bu komanda fərqlənir. Digərləri isə bərabərsəviyyəlidir. Normal çempionatdır. Komandalarda legioner futbolçular çıxış edir.

- Sizin komandanızda həmçinin ukraynalı müdafiəçi İqor Korotetski çıxış edir. Onun işləri necədir?

- O məndən daha ciddi zədə almışdı. Bərpası üçün 11 ay lazım oldu. Tezliklə sıraya qayıtmalıdır.

- Bu yaxınlarda xəbər yayıldı ki, Ukraynaya qayıdıb, "Olimpik"ə keçirsiz...

- Bilirəm, bu xəbər hardan çıxmışdı. Bundan sonra Azərbaycandan, klubumdan mənə zəng vurdular. Amma mən özüm də belə "keçid"lərdən xəbərdar deyiləm.

- Gələcəyinizi Azərbaycanla bağlayırsız?

- Bəli, mənim 1,5 illik müqaviləm var. Hələlik şərtlər bizi qane edir. Ümid edirəm ki, hər şey sabit qalacaq və karyeramı davam etdirmək üçün yeni klub axtarmalı olmayacam.

- Azərbaycandan əvvəl Türkiyə I liqasında "Afyet Afyonspor"da oynamısız. Bu mərhələni necə qiymətləndirirsiz?

- Türkiyədə birinci liqanın səviyyəsi çox yaxşıdır. Əvvəlcə şübhələrim var idi, məlumat topladım. Sonra əmin oldum ki, səhv etməmişəm. Oyunları televiziya vasitəsilə canlı yayımlayırlar. Hər komandanın stadionu, azarkeşləri var, tribunalarda yaxşı ab-hava olur. Ancaq sonradan klubda maliyyə problemləri başladı. Ona görə getməli oldum.

- "Karabükspor" sizə olan borcunu qaytardı?

- Məhkəməni mən uddum. Amma pulu alıb-almayacağımı bilmirəm. Şayiələrə görə, klubun sabiq prezidenti həbs olunub, komanda isə III diviziona düşüb.

- Daha Türkiyəyə qayıtmayacaqsız?

- Onlar təhlükəli insanlardır. Bu gün istəyirlər, pulunu verirlər, sabah istəmirlər, ödəmirlər.

Digər Xəbərlər
Xəbər Lenti