Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürür.
Mövsümün açılış oyununda "Sabah" "Səbail"i qəbul edəcək.
Bayıl təmsilçisin baş məşqçisi Aftandil Hacıyev komandasının son durumu ilə bağlı Sportinfo.az-a danışıb:
"10-dan çox futbolçu sıralarımızı tərk etdi. Yeni gələnlər də bir qədər gec qoşuldular. Desəm ki, çempionata 100% hazırıq, bu, yalan olar.
Fərqli durumda olan futbolçulara fərdi yanaşmaqla bacardıqca formalarını bərpa etmələrinə çalışırıq. Ki, maksimum meydanda çıxış edə bilsinlər".
Gənc mütəxəssis uzun müddət zədə səbəbindən futbolsuz qalan yeni transferlər - Cavid Tağıyev və Elşən Abdullayevin hazırkı durumlarından da söz açıb:
"Cavid Tağıyev demək olar bütün yoldaşlıq görüşlərində meydanda oldu. 1 ilə yaxın idi meydanlardan kənarda qalmışdı.
Qısa müddətdə forma yığmasını gözləmək sadəlövlük olar. Amma Caviddən gözləntimiz çoxdur. İnanırıq ki, tezliklə formasını bərpa edəcək.
Elşən toplanışda dizindən yüngül zədə aldı. Bir neçə məşq buraxmalı oldu. Artıq yenidən fərdi məşqlərə başlayıb. "Sabah"la oyundan sonra komandaya qoşulacaq".
Hacıyev qapı mövqeyi ilə bağlı danışarkən hər üç əlcək sahibinin də bir nömrə olmaq şansını dilə gətirib:
"Qapıda bizdə rəqabət var. Hazırda 3 qapıçımız var. Kimin bir nömrə olmasını qətiləşdirməmişik. Bunu oyunlar göstərəcək. Ehtimal var ki, hər biri şans qazana bilər.
Kamranın da mikro zədəsi olduğu üçün bəzi məşqləri buraxdı. Bəzi yoxlama oyunlarında da olmadı. Bu günkü gündə hər bir qapıçımızın oynamaq şansı böyükdür".

