Azərbaycanda daha bir klub "ölüm yatağı"na uzandı

25 Mart 2020 16:14 Sabah 1 591
Azərbaycanda daha bir klub "ölüm yatağı"na uzandı

2016-ci ildə yaradılan, ötən ilin yayından problem girdabına düşən «Səbail»in başının üzərini yenidən qara buludlar alıb.

Bu il Bayıl təmsilçisinin Premyer Liqada keçirdiyi sonuncu mövsüm ola bilər.

Sportinfo.az-ın məlumatına görə, klubun rəhbərliyi ilə sponsorlar arasında keçirilən son görüşmələr uğursuz nəticələnib.

«Dənizçilər»ə maliyyə dəstəyi verən şirkətlər büdcəni bir qədər də aşağı salmağa hazırlaşdıqlarını elan edib. Elə bu da «Səbail»in 3 illik aradan sonra I Diviziona qayıdan yolunu «hamarlayır».

Prezident səlahiyyətlərini de-fekto yerinə yetirən Tamerlan Abdullayev klubla əlaqələrini birdəfəlik kəsmək istədiyini artıq yaxın çevrəsinə elan eləyib. O, doğmalarının da futboldan getmək fikrini dəstəklədiyini bildirib.

«Səbail» tarixində ilk dəfə avrokubokarda iştirak edəndən sonra qara günlər yaşayır. Büdcə ötən ilin iyununda iki dəfə artırılsa da, cəmi 2 ay sonra əvvəlki səviyyəsindən də aşağı düşüb.

Bu müddətdə 20-yə yaxın yerli və legioner futbolçu düşərgəni tərk edib. Ödəmələrdə yaranan fasilələr aylarla çəkir. Artıq martın son günləridir, ancaq hələ də dekabr-yanvar aylarından borclar qalmaqdadır. «Səbail»in yenidən dirçəlmək perspektivi olsaydı, yəqin ki, Ramin Həsənov icraçı direktor postunu tərk etməzdi.

Digər Xəbərlər
Xəbər Lenti