.jpg)
Tovuz şəhər stadionunda keçirilmiş final qarşılaşmasında “Çinar-Zəngilan” və “Qusar” üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, həlledici oyunda rəqibi üzərində 2:0 hesablı qələbə qazanan “Qusar” AFFA Region Liqasının 2022/2023-cü illər mövsümünün qalibi olub.
Final oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub. Əvvəlcə final oyununun hakimlərinə diplom və xatirə hədiyyələri verilib.
“Qusar”ın hücumçusu Eşqin Tağıyev 24 qolla ən məhsuldar oyunçu olub. Çempion komandanın digər üzvü Tural Cəlilov isə mövsümün ən yaxşı oyunçusu seçilib.
Daha sonra müvafiq olaraq, II yerin sahibi “Çinar-Zəngilan” və qalib “Qusar”a medallar və kubok təqdim edilib.
Mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov və AFFA-nın baş katibi Sərxan Hacıyev təqdim ediblər.