"Qəbələ"ni atıb qaçdı, indi də "Zirə" ilə düşmənçilik edir

5 Mart 2020 10:52 Qəbələ 1 414
"Qəbələ"ni atıb qaçdı, indi də "Zirə" ilə düşmənçilik edir

Həm «Zirə», həm də «Qəbələ» yeni il gələndən böhran yaşayır.

Biri klub-komanda anlayışını səhv salıb, digəri də milyonlarla büdcədən sonra öz taleyi ilə barışıb.

"Zirə"də dərin klub idarəçiliyi problemi var. Nə qədər deyilsə də ki, hər şey qaydasındadır, nəticələr tam əksini göstərir. ,Öncə Samir Abbasova tapşırılan komanda və uğursuzluqdan sonra Zaur Həşimovun bir qədər fərqli, amma oxşar yolu davam etməsi.

Çətindimi futbolu, klub idarəçiliyini dərindən bilən, sınaqlardan keçmiş birisini gətirib normal inkişaf yolunu tutmaq?

Gənc məşqçilərin özlərinə kömək, dəstək lazımdır, onlar hələ klubu yükünü daşıyacaq gücdə deyillər. Hər altı aydan bir məşqçi, legionerli-yerli futbolçu dəyişiklikləri olan yerdə stabillik, istənilən nəticələrin olması mümkün deyil.

Belədə meydanda taktiki gedişlərdən söhbətin açılması yersizdir. Nə də ki, Zaur Həşimov baş məşqçi kimi öz potensialını tam aça bilməsi.

Buna vaxt və imkan olacaqmı? Bügundən sonra çətin. Həşimov məsuliyyət yükünün altında elə əzilir ki… Özünə gəlməsi, ayağa qalxması, komandanı abıra (sistemə) salması artıq bir möcuzəyə bağlıdır.

Orxan Məmmədovun ondan gözləntiləri böyükdür ki, qış fasiləsindən sonra büdcəyə xeyli əlavələr etdi, yeni futbolçular aldırdı. Ürəyindən avrokuboklarda çıxış etmək keçməsəydi, şübhəsiz, kisənin ağzını bu qədər geniş açmaz, son olaraq, Emil Balayevi gətirməyə pul verməzdi.

Ardıcıl 4 məğlubiyyətin davamı gəlsə, buna Həşimovun reaksiyası, cavabı nə olacaq - bu da maraqlıdır. Ən problemli mövqe qapı idi, artıq ona da əncam çəkdilər - baş məşqçi artıq özündən küssün!

Samir Abasovdan qalan kollektivə dəyib-toxunmasaydı, onunla mövsümü başa vurmaq istəsəydi, bügünkü mənzərə tam fərqli olacaqdı. Təcrübəsi çatsaydı, heyətə əl bulamağa tələsməzdi, gözləyərdi. Daha 1-2 tur qələbə gəlməsə, o, gedəcək, gətirdikləri qalacaq. Adam ayağını yorğanına görə uzatmayanda üşüməyə məhkumdur.

Zaur Həşimovun mövsümün ilk yarısında məşqçi korpusunda yer aldığı "Qəbələ"nin durumu tam fərqlidir. Bütün imkanlar, mükəmməl infrastruktur var, imkanlar zəifləsə də, məşqçilər özlərini göstərməsi üçün yaxşı şans qazanırlar.

Elmar Baxşıyevlə "Qəbələ" baxımlı oyun sərgiləyir. Təcrübəsizlik, bəzi hallarda "Neftçi" ilə oyunda olduğu kimi heyət seçimi anlaşılmaz görünsə də, komanda oyunu, əzmkarlıq, sona kimi mübarizə aparmaq əzmini qoruyub saxlayırlar.

Gənc məşqçilər etimad göstərilən şansdan maksimum yararlanmalıdırlar. "Zirə" ilə görüşdə qələbə qazandıqları kimi. Futbolun cövhərində ədalət və düzgünlük mövcuddur.

Bu işin cəfası olduğu kimi, səfası da gözəldir. Baxşıyevin sərəncamındakı heyət xallarını yığmaq və Premyer Liqada qalmaq iqtidarındadır. Başqa sözlə, "Qəbələ"yə bir az əlavə vaxt gərəkdir. Bir az da səbr. Qalanı zamanla həllini tapacaq, öz-özünə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti