"Qarabağ"da bu adam narahatlıq üçün əlyeri qoymadı

10 Aprel 17:00 Qarabağ 2 805
"Qarabağ"da bu adam narahatlıq üçün əlyeri qoymadı

Şübhəsiz, bu mövsüm "Qarabağ"ın parlayan ulduzu Nəriman Axundzadədir.

Düzdü, Qurban Qurbanov ötən mövsümdən 18 yaşlı forvarda şans verməyə başlayıb.

Bu sezondan intensivlik gətirib.

Kütlə isə onu əsasən "Braqa"ya səfərdə vura bilmədiyi qol imkanına və Bakıdakı matçda imza atdığı qızıl dəyərində qola görə tanıdı.

Portuqaliyadakı matçdan sonra hər kəs başını tutdusa, cavab oyunundan sonra həmin əllər dua üçün göylərə qalxdı - bircə bu cavan oğlan ulduz xəstəliyinə tutulmasın deyə.

Şükür, azərbaycanlı gənclərdə müşahidə etdiyimiz tendensiyanı Nərimanda izləmirik.

Hər halda, statistika belə deyir.

Portuqallar önündəki tarixi qol ona sanki yeni sürət vermiş oldu.

Milli komandamızın da üzvü olan futbolçu "Braqa" ilə qarşılaşmadan sonra daxili yarışlarda meydana çıxdığı 7 matçda 6 qol vurmağı bacarıb.

Biri Ölkə Kuboku, digər 6-sı Premyer Liqa matçlarına təsadüf edir.

Və ən əsası həmin 6 qol 6 oyunu əhatə edir.

Söhbət hansısa het-trik və dubllardan getmir.

Yəni stabillik var.

Premyer Liqanın son 6 turunun 5-də qol vuran Nərimanın aktivində əvvəlki 23 turda cəmi 4 qol vardı.

Ümid edək ki, hücumçu gözoxşayan dinamikasını nəinki mövsüm ərzində, hətta növbəti mövsümlərə də daşıya biləcək.

Daha da böyümək, bərkimək, inkişaf etmək üçün.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti