COP29

Qurban Qurbanovun Portuqaliya sevgisi – Uğurların başlıca səbəb(karı)i

29 Fevral 21:20 Qarabağ 1 603
Qurban Qurbanovun Portuqaliya sevgisi – Uğurların başlıca səbəb(karı)i

“Qarabağ”ın “Braqa”nı Avropa Liqasından kənarlaşdırmasından sonra sosial şəbəkə platformalarında portəgizlərin haqqımızda nə yazdıqları ilə maraqlanırdım.

Qarşıma çox sayda şərhlər çıxdı və hər birində özünə görə həqiqət payı vardı. Lakin bir rəy adamı xüsusi şəkildə düşünməyə vadar edirdi. Azarkeşin “Qarabağ”ın heyətindəki əksər futbolçuların vaxtilə Portuqaliyanın yüksək liqasının autsayderlərində və aşağı liqa komandalarında oynadığını, əsas heyətdə möhkəmlənə bilmədiklərini iddia etməsi.

Həqiqətən də deyilən kimidir. Bu gün Qurban Qurbanovun sərəncamında olan futbolçuların bir çoxunun karyerasında məhz Portuqaliya izi var: Mateus Silva, Julio Romao, Leandro Andrade, Hamidu Keyta, Juninyo, Riçard Almeyda, Patrik Andrade, Kevin Medina.

Təsəvvür edin, bu futbolçuların heç biri portuqaliyalı deyil və Primera ilə Sequndanın heç də “at oynadan” futbolçuları olmayıblar. Olsaydılar, “Portu”, “Benfika”, “Sportinq” kimi “divlər” bizimkilərə göz açmağa imkan verməzdi.

Qurbanova müxtəlif ölkələrdən hər il azı 100 futbolçu təklif olunur. Aralarında seçim edir və göründüyü kimi, üstünlüyü Portuqaliya çempionatlarında oynayanlara verir. Yeri gəlmişkən, “Krasnodar”a satılan Kadi Borges də oradan gəlmişdi.

Marko Veşoviç “Qarabağ”a “Legiya”dan, həmyerlisi Marko Yankoviç “Hapoel Təl Əviv”dən, Yassin Benzia Fransa Liqa-2 təmsilçisi “Dijon”dan, Abdulla Zubir həmin liqanın “Lans”ından, Redon Cica “Tirana”dan gəlib.

Komandaların adlarını gördünüz. Yəni bu futbolçuların heç biri “Qarabağ”a ulduz qismində gəlməyib. Əksəriyyəti “Qarabağ”a qədər avrokubok həyəcanının nə olduğunu da bilməyib. Hə, Benzia ilə Diakabinin parlaq keçmişi olub. Amma ağdamlılar onlara maraq göstərəndə “işıqları sönmüşdü”, sıradan futbolçu hesab olunurdular.

Deməyim odur ki, Qurban Qurbanovun uğurunun başlıca sirri seleksiya işində uğurlu olmasıdır. Avropa reallığı üçün ucuz qiymətə “yararlı məhsul” tapmağı bacarır və irəliləyən dönəmdə onların xidmətindən yetərincə istifadə edir. Vacib olan nədir? Baş məşqçinin ilk baxışdan futbol fəlsəfəsinə kimlərin uyğun gəldiyini hiss etməsi.

Oyun quruluşu, texniki-taktiki tapşırıqlar, əvəzetmələr, təhlil – əlbəttə, hər biri nəticə qazanmaq üçün vacib amildir. Ancaq bina tikirsənsə, ilk növbədə təməlini yaxşı qoymalısan. Qurbanov məhdud büdcə ilə məhz təməl qoymağı, yəni komanda qurmağı bacarır.

“Qarabağ”ın uğurlarının əsas səbəbi budur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"