“Qarabağ” - Bu imkanlı klub nəyə görə qapıçı ala bilmədi?

4 Fevral 2023 01:00 Qarabağ 1 025
“Qarabağ” - Bu imkanlı klub nəyə görə qapıçı ala bilmədi?

"Qarabağ" bu qış transfer pəncərəsi zamanı heyətinə üç yeni oyunçu cəlb etdi:

Adama Diakabi, Redon Cica, Yassin Benzia. Əslində bunlar baş məşqçi Qurban Qurbanovun istədiyi mövqelər üzrə nəzərdə tutduğu transferlər idi.

O, ötən ilin dekabrın son günlərində Qol.az saytına verdiyi geniş müsahibədə demişdi ki, daha çox orta xətt və hücuma futbolçu axtarırlar. Adları çəkilən üç oyunçunun mövqeyi da göstərir ki, əslində Q.Qurbanov istədiyi oyunçuları komandaya gətirə bilib: Diakabi orta xəttdə, Cica isə hücumda oynayır. Benzia vinger kimi həm sol, həm sağ cinahda, eyni zamanda ortada da çıxış edə bilir. Bunlardan Benzia hələlik optimal formada olmasa da, yaxın gələcək üçün qışda komandadan ayrılan pleymeyker Kadinin əvəzləyicisi kimi düşünülür.

Kadinin "Krasnodar"a qəfil gedişini nəzərə almasaq, əslində "Qarabağ" bu qış futbolçu itirməyib. Müqaviləsi başa çatmaq üzrə olan hücumçu Ovusunun "Ferensvaroş"a keçidinin komandaya problem yaradacağı ehtimalı yox səviyyəsindədir. Ən azı Musa Qurbanlı ondan daha yaxşı səviyyədə çıxış etmək potensialındadır. Sadəcə, qapıçı Şahruddin Məhəmmədəliyevin Antalyadakı məşq zamanı qolunun qırılması Q.Qurbanovun planlarını pozdu, onu Konfrans Liqasında "Gent"lə (Belçika) oyunlar öncəsi çətin duruma saldı. Baş məşqçi bilmədi ki, komandasının hazırlığını düşünsün, yoxsa qapıda yaranacaq mümkün problemləri. Yəni fors-major durum yarandı. Nəticədə seleksionerlər yanvarın 16-dan, yəni Şahruddinin qolu qırıldığı gündən təcili qapıçı axtarışına çıxdı. Aralarında Almaniya bundesliqa təmsilçisi "Bayer"in də olduğu bir neçə klubla, onların futbolçusu ilə danışıqlar aparıldı. Lakin "Gent"lə matç üçün UEFA-ya sifariş ərizəsinin göndərildiyi son günə (2 fevral) qədər "Qarabağ" qapıçı ala bilmədi. Odur ki, Şahruddinin yoxluğunda "Gent"lə matçlarda Ağdam təmsilçisi böyük ehtimalla gürcüstanlı Luka Quqeşaşviliyə şans verəcək. Luka qeyri-sabit çıxışı ilə tanındığından narahatlığa haqlı əsaslar var. Amma necə deyərlər, qatar artıq gedib və indi gürcü futbolçu xarakter göstərib inamla oynamalıdır. Onun üçün yaxşı bir şans yaranıb. Bu şansdan layiqincə istifadə edərsə, gələcəkdə "Qarabağ" kimi nüfuzlu və imkanlı komandada qala bilər.

Bəs, bu imkanlı klub nəyə görə qapıçı ala bilmədi?

Bunun üçün lazımi maliyyə ayrıldımı? Bununla bağlı son günlər müzakirələr sosial mediada çoxalıb. Əslində qeyd etdiyimiz kimi, bu qış "Qarabağ" transfer məsələsində istəyini geniş mənada gerçəkləşdirib və transferlər də mütəxəssislərin əksəriyyəti tərəfindən təqdir olunur. Amma qapıçının alınmaması klubu yenidən hədəfə gətirir. Əlbəttə, azarkeş haqlı olaraq düşünə bilər ki, klubun maddi imkanı var və tələb olunan pul sərf olunsa idi, qapıçı da almaq mümkün idi. Lakin bu zaman bəzi detallar unudulur ki, əvvəla qışda, mövsümün gedişatı zamanı öz klubu ilə müqaviləsi olan futbolçunu almaq həqiqətən çətin olur. Və bu, tək Azərbaycan deyil, Avropa klublarına da aiddir. Təsadüfi deyil ki, transferlərin çoxu mövsümün ortasında yox, sonunda həyata keçirilir. Çünki bu zaman futbolçuların bir çoxunun öz klubu ilə müqaviləsi başa çatır, onun qiyməti daha da azalır. Azərbaycana gəldikdə, bu zaman yerli liqanın səviyyəsinin aşağı olması, mentalitet amili də önə çıxır. Kimisi Azərbaycanda oynamaq istəmir, kimisi də burada yaşamaq. Məsələn, bir əcnəbi üçün ili 500 min dollara (şərti olaraq) müsəlman ölkəsi Azərbaycanda yaşamaqdansa, 400 min dollara orta səviyyəli çempionata malik Macarıstanda yaşayıb orada oynamaq daha cəlbedicidir. Mentalitetdən əlavə, Macarıstan, yaxud Polşa kimi liqalar tramplindir, nəinki Azərbaycan çempionatı.

Yəni məsələ tək pulda deyil. Bunu elə Qurban Qurbanov da yuxarıda qeyd etdiyimiz müsahibədə etiraf etmişdi. O demişdi: "Olub ki, bir futbolçunun klubuna 1 milyon təklif etmişik, amma oyunçunu ala bilməmişik. Bura (Azərbaycana) gəlmək istəməyən də olub, qiymətdə razılaşmayan da. Məsələn, mən görmüşəm, elə futbolçu olub ki, onun klubuna 700 min, 800 min avro təklif etmişik, amma bizdən 2 milyon avro istəyiblər. Mən isə həmin futbolçunu 2 milyon avroya layiq görməmişəm. Amma bu, onların əlindədir. Onlar öz futbolçularının dəyərini, qiymətini daha yaxşı bilirlər. Belə hallar yaşanıb. Mən əmin olsaydım ki, o, futbolçu 2 milyon avroya tam layiqdir, bəlkə də bu pulun verilməsinə razı olardım".

Beləliklə, reallığa və Q.Qurbanovun bu fikirlərini oxuyanda bir daha əmin olmaq olur ki, "Qarabağ"ın baş məşqçisi bu dəfə də sadəcə transfer naminə azad agent statuslu futbolçu almadı. Yoxsa, belə bir klubda oynamaq istəyən saysız-hesabsız, boşluqda olan və olmayan o qədər futbolçu var ki... Amma indiyədək "Qarabağ"ın transferlərinin çoxunun uğurlu olmasını şərtləndirən amil də məhz bu olub: kobud çıxsa da, hər yoldan ötənə pul verməmək, daha dəqiqi, yeyinti və görüntü xatirinə transferlər etməmək, özünün və klubun təmiz imicini qorumaq. Yoxsa, "Qarabağ" da bu gün bataqlıqdakı Azərbaycan futbolunda boğular, Avropa üzünə həsrət qalardı (qol.az).

A.BAĞIROV

Digər Xəbərlər
Xəbər Lenti