Bəlkə günah “Qarabağ”ın məşqçisindədir? - Necə olur ki… VİDEO

27 Yanvar 2023 00:30 Qarabağ 1 659
Bəlkə günah “Qarabağ”ın məşqçisindədir? - Necə olur ki… VİDEO

Uzun müddətdir ki, “Qarabağ”da qapıçı problemləri geniş şəkildə qabardılır.

Buna səbəb Ağdam klubunun çərçivə qoruyucularının vacib oyunlarda etdiyi kobud səhvlərdir.

İstər Çempionlar Liqasının təsnifat mərhələsində, istərsə də, Avropa Liqasının qrup mərhələsində “köhlən atlar”ın qolkiperləri etdikləri yanlışlarla diqqət mərkəzinə düşdü.

Xüsusilə Şahruddin Məhəmmədəliyevin Çempionlar Liqasının pley-off mərhələsində Çexiya “Viktoriya”sı ilə matçda, Avropa Liqasının qrup mərhələsində “Nant”la oyunda səhvlərindən sonra klub tənqid hədəfinə tuş gəldi.

Daha sonra Azərbaycan Premyer Liqasında “Zirə” ilə matçda da səhv edən qolkiperin bu hərəkəti tənqidləri ən yüksək həddə çıxardı.

Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə qarşılaşacaq ağdamlıların heyətinə yeni qapıçı qatması ilə bağlı istər azarkeşlər, istərsə də, media tərəfindən təzyiqlər var.

Şahruddin Məhəmmədəliyevin zədələnməsindən sonra isə “Qarabağ” gürcüstanlı çərçivə qoruyucusu Luka Quqeşaşvili və gənc oyunçu Amin Ramazanovdan yararlanmaq məcburiyyətində qalıb.

Maraqlısı isə budur ki, gənc çərçivə qoruyucusu Amin Ramazanov Antalyada keçirilən yoxlama görüşündə kobud səhvə yol verdi. O, topa çıxarkən mövqeyini itirdi və həmin epizod rəqibin qol vurması ilə nəticələndi.

Luka Quqeşaşvili isə ötən gün “Turan Tovuz”a qarşı keçirilən çempionat oyununda kobud səhvlə yadda qaldı. Gürcü qolkiper çıxışda mövqeyini itirdi və rəqib bundan istifadə etdi.

Komandada olan çərçivə qoruyucularının hamısının eyni səhvlərə yol verməsi artıq diqqəti “Qarabağ”ın qapıçılarla çalışan məşqçisi Elxan Həsənova yönəldib. Problemin ondan qaynaqlandığı barədə xeyli sayda müzakirələr aparılır. Sosial şəbəkələrdə E.Həsənovun tapşırıqlarının doğru olmadığı yönündə bir çox tənqidlər var..

Bunların fonunda Həsənovun futbolçu karyerasına da nəzər salmaq olar. Bir neçə mütəxəssis onun futbolçu olarkən çıxışlarda ciddi səhvlərə yol verdiyi barədə fikirlər bildirib. Ötən gün sosial şəbəkələrdəki paylaşımlarda E.Həsənovun Finlandiyada yaşadığı legioner həyatının buna görə bitdiyi barədə fikirlər yer alıb.

O, adıçəkilən ölkənin ““TPS Turku” və “Kotkan TP” klublarında oynayarkən məhz yol verdiyi bu cür səhvlər üzündən ehtiyata göndərilib, daha sonra isə ordan ayrılmaq məcburiyyətində qalıb.

Bütün bunları nəzərə alsaq, “Qarabağ”ın qapıçılar məşqçisi barədə də ciddi düşünməli olduğu ortadadır. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun bu amilə diqqət yetirməsi vacibdir.

Görünən odur ki, məşhur voleybolçumuz Alla Həsənovanın həyat yoldaşı olan Elxan Həsənov qapıçılarla məşqlərində ciddi səhvlərə yol verir (qafqazinfo).

Elsevər Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti