"Neftçi"ni çökdürənlər – Bir belə pulu küçəyə səpələməyə dəyərdi?

3 Dekabr 2022 09:40 Qarabağ 772
"Neftçi"ni çökdürənlər – Bir belə pulu küçəyə səpələməyə dəyərdi?

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın noyabrın 30-da verdiyi açıqlama:

"Bizi çətin və ağır oyunun gözlədiyini bilirik. Amma yaxşı nəticə qazanmalıyıq, çünki evdə oynayacağıq. Demək olar ki, bütün futbolçular məşq prosesində iştirak edir. Voislav Stankoviç qarşılaşmaya tam hazır olacağına ümid edirəm. Görüşə hazırlıq yaxşı gedir. VIII turda "Qarabağ"a 1:3 hesabı ilə uduzduğumuz matç bizə böyük dərs oldu və qarşılaşmadan nəticə çıxartdıq. Oyunun 90 dəqiqə davam etdiyini bilməliyik. Həmin görüşün ilk 45 dəqiqəsində yaxşı oyun sərgiləmişdik. Bütün 90 dəqiqəni eyni oynamaq üçün səviyyəmiz və imkanımız var. Öz matçlarımıza köklənməliyik. Bunu bacarsaq, titul üçün şansımız olacaq. Çempionat uzun marafondur".

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampfın dekabrın 2-də verdiyi açıqlama:

“Danışılası çox şey yoxdur. Matçdan əvvəl hazırladıqlarımızdan heç birini meydanda etmədik. Ürəklə oynamaq, mübarizə aparmaq və qaçmaq lazımdır. Nəticəyə görə üzülürəm. Bu klubu sevən azarkeşlər qarşısında çox utanıram. Tezliklə özümüzə qayıtmalıyıq. Bizi “Zirə” ilə kubok qarşılaşmaları gözləyir. Çətin olacaq. Hamı üzgündür. Amma bu kifayət deyil. Bu gün "Qarabağ"la görüşdə mübarizə aparmadıq. Oyunçular haqqında danışmaq istəmirəm. Hansı oyunçu həftə ərzində özünü yaxşı tərəfdən göstərsə, matçda ona şans veririk. Onlarla tez-tez söhbət edirik. Çatışmayan cəhətlər haqqında danışırıq. Xahiş edirəm, bizə bir az da vaxt verin. Məqam çatanda hər şey haqqında biləcəksiz".

Üç gün ərzində bir-birindən 180 dərəcə əks fikirlər… Danışan, razı və narazı qalan eyni şəxsdir.

Və o, «Neftçi»ni çalışdıran zatdır. Ən pisi də budur – hər an bəhanə üçün əlini cibinə aparmağa hazırdır.

Rege ayağının tozuyla «Neftçi»yə gəlib. Yeddinci aydır ki, Bakının çörəyini yeyir, havasını udur. Qazancı da qazancdır, hər ay Bakıdan Buxarestə bank vasitəsilə onminlərlə dollar transfer edir.

Bu pulun yiyəsini fərasətli adlandırmaq olar. Klubun idarəçilərini də həmçinin. O qədər seçim imkanı var ikən, belə birini tapıb Azərbaycana gətirdikləri üçün.

Bu təyinatda əli, payı, xidməti olanların hər biri «Neftçi» tribunası qarşısında cavab verməli, məsuliyyəti sorğulanmalıdır.

Ümid edirəm ki, Müşahidə Şurasının yeni simaları bu işi diqqətə alacaq, nəzarətə götürəcək, A-dən Z-yə araşdıracaq, sonucda səbəbkarları üzə çıxaracaq və bununla da kifayətlənməyəcək, müvafiq tədbirlər görəcək. Hər halda onlara ümidlər böyükdür.

Rumıniyalı necə gəlib, elə də yola salınmalıdır. Ona ödənilən böyük pullar heyif oldu, batdı.

Bir-iki manat deyil e, söhbət yüzminlərdən gedir! Regenin nə vecinə, UEFA-dan qəbul görən kontrakta imza atıb, rahatdır.

Pulundan keçənə oxşamır, sonadək dirənəcək. Bu «Neftçi»dir e, bir də belə imkanlı klubu haradan tapacaq? Kimdən alacaq bir belə pulu?

MUSA

Digər Xəbərlər
Xəbər Lenti