Bu qocanın "ip"ini yığışdırın - TƏNQİDƏ GÖRƏ TƏQİB YOLVERİLMƏZDİR

13 Sentyabr 2020 19:00 Qalmaqal 908
Bu qocanın "ip"ini yığışdırın - TƏNQİDƏ GÖRƏ TƏQİB YOLVERİLMƏZDİR

Sportinfo.az xəbər verir ki, veteran futbolçu Kazbek Tuayevin telejurnalist, Rusiyanın “Matç TV” kanalının şərhçisi Elvin Kərimov haqda açıqlaması cəmiyyətdə böyük narazılıqla qarşılanıb.

O, media vasitəsilə istedadlı həmvətənimizin işlədiyi telekanalın rəhbərliyinə şikayətlənib, bir daha Azərbaycan komandalarının oyunlarında şərhçilik etməməsini istəyib.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası milli komandamızın Bakıda Lüksemburq seçməsi ilə bərbad oyununa və rüsvayçı məğlubiyyətinə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyini tənqid edən şərhçiyə qarşı təzyiqi pisləyir.

Kazbek Tuayev unudur ki, müstəqil, hüquqi və demokratik bir ölkədə - Azərbaycan Respublikasında yaşayır. O ölkədə ki, fikir plüarizmi, söz və ifadə azadlığı daim prioritet təşkil edir.

Qocaman futbol adamının açıqlaması digər tərəfdən də Azərbaycanın beynəlxalq imicinə xələl gətirən addımdır.

Tuayevin özündən 50 yaş kiçik, Azərbaycanın hüdudlarından kənarda onun adını ucaldan, Rusiya Federasiyası kimi nəhəng ölkədə ən yaxşı 10 idman şəhçisindən biri seçilən gənc jurnalist haqda qərəzli fikirləri və yalançı vətənpərvərliyi etik baxımdan da heç bir çərçivəyə sığmır.

Biz Elvin Kərimov haqda qeyri-peşəkar fikirlər səsləndirən, öz qabiliyyət və bacarığı ilə Rusiyada tanınmağa müvəffəq olmuş azərbaycanlı gənc jurnalistindən şikayət edən Kazbek Tuayev barədə tədbir görməsi istəyi ilə AFFA rəhbərliyinə müraciət edirik.

Ən azı ona görə ki, o, AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədridir. Onun hərəkətlərinə Azərbaycan Futbol Veteranları İttifaqının da münasibət bildirməsi çox məntiqli olardı, çünki bəyanatı məhz bu qurumun adından verib.

Ələtdə doğulan, bütün ömrünü Azərbaycanda keçirən, amma Azərbaycan dilini öyrənməyən, bu dildə danışmağı özünə sığışdırmayan Kazbek Tuayevin Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbində əlaqəli şəxs olduğunu da xatırlatmağı lazım bilirik".

Digər Xəbərlər
Xəbər Lenti