"Allahsızlıqla pul qazanmaq çox rahatdı" - "Neftçi"nin transfer qalmaqalı

12 Yanvar 2020 13:42 Qalmaqal 1 792
"Allahsızlıqla pul qazanmaq çox rahatdı" -

"Neftçi"nin yeni transferi Saman Nəriman Cahanın transferilə bağlı menecer-klub arasında yaşanan qalmaqal artıq daha geniş formaya keçib.

Sportinfo.az xəbər verir ki, iranlı futbolçunun birbaşa meneceri olduğunu, danışıqları şəxsən özünün apardığını və Samanın Bakı klubuna keçidini təşkil etdiyini deyən Xanbaba Daşdı şəxsi "feysbuk" səhifəsində "Neftçi"ni növbəti dəfə ittiham edib.

Bir neçə gündür sakit mövqe tutan klubdan isə, nəhayət, cavab gəlib. Paylaşıma şərh yazan "ağ-qara" klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Daşdıya özünü klubun adı ilə reklam etdiyini deyib. Şərhləri olduğu kimi təqdim edirik:

Xanbaba Daşdı: "Saman Nəriman Cahanın transferində birbaşa vasitəçi özüməm və oyunçunun Azərbaycandakı rəsmi təmsilçisi mənəm, imzalı sənədim və bunu təsdiq edən oyunçunun çəkib göndərdiyi video görüntü var əlimdə. Rəsmi və qeyri-rəsmi çox faktlarım var. "Neftçi" tərəfi haqqında hələlik heç nə danışmaq istəmirəm, hər hansısa bir müsbət cavab olmadığı halda tam həqiqətlər açıqlanacaq onsuz da. Bu transferi özüm etdiyim halda, 1 manat belə qazanmamışam.

Allahsızlıqla pullar qazanmaq çox rahatdı, o oyunçu və bu işdə əməyimi yerə vuran digərlərinin vicdanı sızlayır, görəsən, azca da olsa? Bir neçə gün səbr edək. Haqlı olduğum üçün alnı açıq danışa bilirəm. Məhəmməd Rza adlı iranlı "menecer"in bu təqdimatda nə işi var?".

Rüstəm Allahverdiyev: "Əzizim Xanbaba, bu məsələyə görə sakit durmaq istədik. Ancaq baxıram ki, sən sakitləşmirsən. Sən kluba rəsmi olaraq məlumat vermisən ki, mən bu futbolçunu gətirə bilmirəm? Yox, əgər deyirsənsə, elə şey olmayıb, səs yazının olduğunu xatırladım. Ona görə yalan danışıb klubun adı ilə özünü reklam eləmə. Klub səninlə sona qədər danışıq aparıb. Bacarmamısan, başqası bacarıb və futbolçunu klubdan çıxardıb. Sənə gələcək fəaliyyətində uğurlar arzulayıram. "Neftçi" adı böyükdür. Bunu bir vaxtlar - azarkeşlik etdiyin dövrdən hər halda yaxşı bilirsən".

Digər Xəbərlər
Xəbər Lenti