
Azərbaycan kubokunda birinci təsnifat mərhələsinin oyunları başa çatıb.
Təəssüf ki, hakim səhvləri bu yarışmaya da öz mənfi damğasını vurub.
«Göygöl» - «Dinamo» qarşılaşmasını (2:1) misal çəkə bilərik. AFFA tərəfindən matça təyinat alan Emin Əliyev biabırçı idarəçiliyi ilə diqqət mərkəzinə düşüb.
Referi hər iki hissədə «polislər»in əleyhinə yanlış qərarlar çıxarıb. Baş hakim hər iki halda qonaqların hücumçusu Valeh Seyidovun önünü kəsib.
O, ilk epizodda qapıçıyla təkbətək çıxan hücumçunun fərqlənməsini əngəlləyib.
Halbuki təqdim etdiyimiz kadrdan görünür ki, «Göygöl»ün müdafiəçisi ikili mübarizədən sonra topu başıyla qapıçıya istiqamətləndirir və Valeh ona daha tez çatır. Burada heç bir kobudluqdan və ya qayda pozuntusundan söhbət gedə bilməz.
Emin Əliyevin növbəti «quş» ikinci hissənin əvvəlinə təsadüf edir. Hakimlikdən bixəbər «fit sahibi» cərimə meydançası daxilində müdafiəçinin kobudluqla dayandırduğı Seyidova görə «Göygöl»ün qapısına penalti təyin etmir.
Görüntü ortadadır: yerli komandanın oyunçusu «Dinamo»nun forvardını yerə yıxandan sonra özü də müvazinətini itirir. Əliyev heç nə olmamış kimi «davam» işarəsini göstərir.
Adətən, belə hallarda nə baş verir? Özünü qəsdən yerə atan futbolçunu hakim sarı vərəqəylə «mükafatlandırır».
Burada isə referi Valehə heç yaxın da gəlmir. Qərəzli deyilsə, bu absurd qərarın arxasındakı niyyətini açıqlaya bilər? Gözləyirik…
SPORTİNFO.AZ
|
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: