“Azərbaycan ATƏT-in təməl prinsiplərinin gözlənməsi, bütün dövlətlər tərəfindən onlara riayət olunmasını önəmli hesab edir”.
Bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İan Borqla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün müzakirə olunan mövzulardan biri də regionda olan post-münaqişə reallıqları, keçmiş Ermənistan- Azərbaycan münaqişəsi həll olunandan sonra normallaşma prosesi istiqamətində atılan addımlardır:
“İki ölkə arasında birbaşa danışıqlardan istifadə edilməsi ən müsbət nəticə verən formatdır. Son 6 ay ərzində bir sıra etimad tədbirlərinə nail olunub. Ermənistanla Azərbaycan arasında son danışıqlar da ətraflı müzakirə edilib. Tərəfimizdən vurğulanıb ki, uzun illər ərzində ATƏT daxilində keçmiş münaqişənin həllinə yönəlmiş və xüsusi olaraq bu məqsədlər üçün yaradılmış təsisatlar, misal olaraq Minsk Qrupu, fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi, yüksəksəviyyəli planlaşdırma qrupunun mövcud olmasına və münaqişənin həll edilməsinə mandat sahibləri olmalarına baxmayaraq, onlar tərəfindən 30 illik fəaliyyətləri dövründə heç bir əməli nəticələr verilməyib. Belə olan təqdirdə, hesab edirik ki, artıq münaqişə həllini tapandan sonra və yeni reallıqlar fonunda mandatları tükənmiş, arxaik xarakter daşıyan təsisatların saxlanılmasına heç bir gərək yoxdur”.