"Sabah" üçün Çempionlar Liqasında əsl həyəcan indi başlayır.
Tarix yazaraq liqa mərhələsinə vəsiqə qazanan təmsilçimiz ilk oyununa İngiltərədə çıxacaq.
Rəqib dünya nəhəngi "Mançester Yunayted"dir.
Təbii ki, oyunun aşkar favoriti ingilislərdir.
Hətta böyük hesablı məğlubiyyət ehtimalını ağlından keçirənlər də az deyil.
Amma futbol möcüzələrlə dolu bir oyundur.
Görəsən, həmin möcüzələrdən növbətisi əzəmətli "Old Trafford"da yaşana bilərmi?
Azarkeşlər İngiltərə səfərində möcüzəyə ümid edə bilər?
"Hapoel"lə pley-off matçının son saniyələrində vurduğu qolla "Sabah"ın bura qədər gəlməsində əsas qəhrəmanlardan biri olan Tellur Mütəllimov Sportinfo.az-a açıqlamasında inamlı danışıb:
"Futbolda hər şey mümkündür. Rəqibin gücünü və bizi nə qədər çətin oyun gözlədiyini bilirik.
Amma meydana özümüzə inanaraq çıxacağıq və yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".
"Mançester Yunayted" - "Sabah" oyunu 10 sentyabr saat 23:00-da start götürəcək.
XANOĞLAN/ SPORTİNFO.AZ
