COP29

Şahruddini Adanadan qovurlar: “Onu təyyarə ilə yox, avtobusla göndərin”

23 Fevral 17:00 Problem 14 376
Şahruddini Adanadan qovurlar: “Onu təyyarə ilə yox, avtobusla göndərin”

Şahruddin Məhəmmədəliyev bu gedişlə yayda özünə yeni iş yeri axtarmalı olacaq.

Azərbaycan millisinin qapıçısı “Adana Demirspor” azarkeşlərini boğaza yığıb. Artıq rəhbərlikdən onun komandanı tərk etməsini tələb edirlər.

29 yaşlı futbolçu Super Liqa matçlarında forma şansı qazansa da, hər dəfə kobud səhvlərlə yadda qalır. Artıq bu, ənənə halını alıb.

Məhəmmədliyev “Alanyaspor”la görüşdə yenə “11-lik”dəydi. Adını görəndə sevinmişdik. Lakin ilk hissədə onun səhvi ucbatından buraxılan ardıcıl 2 qoldan sonra qonaq azarkeşlər kimi biz də başımızı tutduq.

Birincini uzaq məsafədən təyin olunan cərimə zərbəsindən buraxdı, ikinci qol zamanı rəqib futbolçuya elə bir ötürmə “hədiyyəsi” etdi ki.

Baş məşqçi Hikmet Karaman tam təbii olaraq fasilədə yığmamızın qapıçısını Vedat Karakuşla əvəzlədi ki, “Adana Demirspor” ikinci yarıda geridönüş etməklə 1 xal qazanmağa nail oldu – 3:3.

Adanalı fanatların klubun sosial şəbəkə hesablarında yazdıqlarını oxuyanda, Şahruddinin komandadakı gələcəyini təsəvvür etmək çətin deyil.

“İlk təyyarə ilə Şahruddini Bakıya göndərin”.

“Şahruddinin qapıçı lisenziyası təcili ləğv edilməlidir”.

“Azəri öz kəndinə, Vedat qapıya”.

“Bu qapıçını Adanaya qaytarmayın. Orda qoyub gəlin, lütfən”.

“Bu komandada iki artıq var. Biri qapıçı, digəri baş məşqçi”.

“Düz-əməlli qapıçımız olsaydı, 3 xal bizim idi”.

“Maqomedaliyevi dəniz yolu ilə göndərin getsin. Onu Adanaya gətirməyin”.

“Növbəti oyuna qapıçısız çıxaq. Onsuz da bu “vedrə” qapıçı dayananda komanda məhv olur”.

“Yaxşı qapıçımız olsa, vallah, bu komanda indi “6-lıq”daydı”.

“Bu qapıçı kabusumuz nə vaxt bitəcək?”

“Çərçivə”ni verin Vedata, 3-5 oyun səbr edin. Sizi inandırım, bundan 100 dəfə yaxşı olacaq”.

“O qapıçını Azərbaycana təyyarə ilə yox, avtobusla tək gediş bileti ilə göndərin”.

Şahruddin Məhəmmədəliyev “Adana Demirspor” formasında 13-ü əsas heyətdə olmaqla 14 oyunun iştirakçısı olub ki, 1193 dəqiqə ərzində qapısında 23 top görüb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!