COP29

“Millidə çalışsam, himnimizi oxumağı tələb edərəm” – HƏSSAS MƏQAM

23 Noyabr 2023 20:40 Problem 2 232
“Millidə çalışsam, himnimizi oxumağı tələb edərəm” – HƏSSAS MƏQAM

Belçika – Azərbaycan matçında rəzalət təkcə 90 dəqiqənin tamamında tablodakı rəqəmlərdə deyildi.

Əsl biabırçılıq oyundan əvvəl yaşanmışdı.

Azərbaycan dövlət himninin əvəzinə İsveçin himni səslənəndə. Ardınca bizim milli marşımız çalınanda bəzi futbolçular müqəvva təsiri bağışlayanda.

Milliləşdirilmiş futbolçulardan Anton Krivotsyukla Şahruddin Məhəmmədəliyev himnimizi oxusa da, digər 4 nəfər – Aleksey İsayev, Renat Dadaşov, Eddi İsrafilov və Höccət Haqverdi ümumiyyətlə ağzını tərpətmədi.

İllərdir yığmanın formasını geyinən adları çəkilənlərin dövlət atributumuza bu cür sayğısızlıq göstərməsi xoş hal deyil. Millinin şərəfini qoruyub, 10 milyonluq ölkəni təmçsil edirsənsə, zəhmət çəkib himnin sözlərini əzbərləməlisən.

Necə ki, Avropada doğulan əslən türkiyəli futbolçular Türkiyə seçməsinin formasını geyinəndə, milli marşı can-başla oxuyurlar.

Himni əzbər bilmək, hər oyundan əvvəl oxumaq hər birinin boynunun borcudur. Özləri laqeydlik göstərsələr belə, baş məşqçi və ya AFFA rəhbərliyi bunu onlardan tələb etməlidir. Görünür bu fakt heç kimin diqqət və marağında olmadığı üçün “gəlmələr” bu cür soyuqluq göstərirlər.

Premyer Liqada çalışan məşqçilərin bir neçəsi ilə söhbətdə iki suala cavab tapmağa çalışdıq.

1.Dövlət himnimizi oxumaq milli üzvlərinin borcudur, yoxsa hərənin öz vicdanına buraxılmalıdır?

2. Nə vaxt yığmanı çalışdırsanız, himni oxumağı futbolçuların qarşısına tələb qoyarsız?

Cavablar birmənalı oldu.

Samir Abasov, “Sumqayıt”ın baş məşqçisi:

“Himni oxumaq bu ölkənin bir parçası, vətəndaşı olmaq deməkdir. Hər bir futbolçunun, idmançının borcudur, oxumalıdır. Himnin sözlərini bilməmələri normaldır. Amma bunu onlara başa salmaq, öyrətmək lazımdır. Bunun üçün milli ruha sahib olmalısan. Şəxsən nə vaxtsa millidə işləsəm, dövlət himnimizi oxumağı hər birinin qarşısına tələb qoyaram”.

Ayxan Abbasov, “Turan Tovuz”un baş məşqçisi:

“Dövlət himnimizin sözlərini hər kəs bilməlidir, əzbərləməlidir. Məcburiyyət bəlkə də doğru olmaz. Çünki bu, həm də içdən gəlməlidir, vətənpərvərlik, milli ruh olmalıdır. Bəzi futbolçularımız başqa ölkələrdə anadan olub, orada böyüyüblər. Amma bu o demək deyil ki, himni oxumamalıdırlar. Bunun üçün təbliğat aparılmalıdır, onlara izah olunmalıdır.

Dövlət himnləri çalınanda televizorun qarşısında başqa xalqların nümayəndələri oturur, gənclər baxır. Himni oxumaq həm də gənclərə nümunə olmalıdır. Məncə, məcburiyyət yox, izah edərək təbliğat aparılmalıdır”.

Azər Bağırov, “Araz-Naxçıvan”ın baş məşqçisi:

“Bilmirəm necə fikirlərşirlər, mənim üçün ölkəmizin dövlət himni, bayrağı, gerbi xüsusi önəm daşıyır. Hər dəfə himnimiz səslənəndə, minlərlə şəhid, minlərlə insan gözlərimin qarşısında canlanır. Onlar bayrağımız və himnimiz üçün canlarından keçiblər.

Ona görə də Azərbaycan vətəndaşlığını daşıyan, pasporta sahib olan hər bir şəxs himnimizə hörmət etməli, sözlərini birmənalı şəkildə əzbərləməlidir. Nə vaxtsa milli komandalarda çalışsam, hər bir futbolçudan himnimizi oxumağı tələb edərəm”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti