«Şəfa»nın 21 illik aradan sonra Premyer Liqaya dönüşü bu gün gerçəkləşəcək.
Zaur Həşimovu sükan arxasına gətirmiş «ağ-göylər» ilk oyununa Zirədə çıxacaq.
Elitanın köhnə-yeni iştirakçısı Bakıətrafı qəsəbənin eyniadlı komandasının qonağı olacaq.
Yeni baş məşqçinin qarşısına «Şəfa»nı çempionatda saxlamaq tapşırığı qoyulub. Həşimovla bağlanan müqavilənin müddəti kağız üzərində ona inamdan xəbər verir.
Altı il öncə liqada «Zirə»ni çalışdırmış mütəxəssislə 3 illik kontrakt imzalanıb. Amma şər deməsən, xeyir gəlməz - əgər o, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə, yəni, kollektivi burada saxlaya bilməsə, bütün planlar dəyişəcək.
Əslində, Həşimov «Şəfa» üçün yaxşı tapıntıdır. Əlitəmiz biridir. İndiyədək gözükölgəli işi olmayıb heç kimin yanında.
Futbolçu və məşqçi kimi nə oyun alıb, nə oyun satıb. Qara-qura əməllər görməyib. «
Qumar» oynamayıb və oynatmayıb. Futbolçu transferlərindən pul yeməyib, menecerlərlə «bazar» açmayıb.
Özünü, gələcəyini, karyerasını düşünən, nəfsinə güc gələn azsaylı gənc mütəxəssislərdən biridir. Bu mənada, «Şəfa»nın Dubayda əyləşən hamiləri onun qədrini bilməlidir.
Gərək ondan çox şey gözləməsinlər və istəməsinlər. Liqanın səviyyəsini, rəqabətin miqyasını olduğu kimi qəbul etməlidirlər. Eləcə də qurulan komandanın potensialını.
Yığılan heyətdən görünür ki, baş məşqçi kiçik büdcə ilə transfer bazarlığı edib. Burada yüksəködənişli futbolçu yoxdur. Bu komplektləşmə prosesinə olsa-olsa, 1,4-1,6 milyon manat xərclənib.
Göstərilən məbləği aylar üzə bölsək, «Şəfa»nın aylıq maaş fondu 140-160 min manat təşkil eləyir.
Başqa sözlə, «Şəfa»nın liqanın ən kasıbları sayılan «Şamaxı» və «Kəpəz»dən heç bir üstünlüyündən danışmağa dəyməz. Hətta «İmişli» və «Qəbələ» belə, maliyyə cəhətdən onlardan daha yaxşı durumdadır.
Zuro Həşimov təyinatından sonra verdiyi bütün açıqlamalarda yeganə hədəflərinin çempionatğda qalmaqla məhdudlaşdığını qeyd edib.
Deməli. 11 rəqibin hər biriylə döyüşməlidirlər. Həşimovun daha bir rəqibi var, hansı ki, ondan ala biləcəyi zərbəni heç «Qarabağ», «Sabah» və «Neftçi» ona vura bilməz. Həmin «rəqib» meydanda deyid, kabinetdə əyləşmiş şəxsdir.
Zaur Həşimov gərək özünü Əfran İsmayılovdan qorusun. Bu cavan, amma iddialı və istəkli oğlanın, onun komandasının «nömrə bir» rəqibi vitse-prezidentdir. Bəli-bəli, bu, odur!
Əfran İsmayılov «Araz-Naxçıvan»da Azər Bağırovun ayağının altını qazan adamdır. Vəzifəsi məşqçi olduğu halda, daim VİP-lojada əyləşib, haqqında o qədər neqativ fikirlər danışdı ki, Zaur Axundov mövsümün yekunlaşmasını gözləmədən, mart ayında Bağırovu görəvdən aldı. İsmayılov aranı necə vurdusa,
Axundov Bağırovun istədiyi iki oyunçunu almadı, komanda qış fasiləsindən sonra tamamilə tonusdan düşdü, avrokuboklara vəsiqə qazanmaq şanısını itirdi. Yoxsa onadək bütün işlər yağ kimi gedirdi, nəticələr də əla idi.
Futbol ictimaiyyətinin «Makasin Əfran» kimi tanıdığı İsmayılovun əlaqələri genişdir. O, hara getsə, özünü rəhbərliyə tapşırtdıra bilər.
Həmin çevrə onda var. Bir digər özəlliyi də olduğu məkanlarda özünü vəzifəli şəxslərə sevdirmək bacarığıdır. Necə deyərlər, məqsədinə doğru asta, amma usta gedənlərdəndir.
Elmar Baxşıyev onu yaxşı və düzgün analiz elədiyi üçün «Araz»a gələn kimi ilk işi bu oldu: İsmayılovu VİP-lojadan endirib, özünün əsas köməkçilərindən biri etdi. o niyyətlə ki, İsmayılov oyun vaxtı yanında əyləşsin, yuxarıda oturub dalınca danışmasın, «torba»sını tikməsin.
Baxşıyevin şahmat gedişi çox uğurlu alındı: «Araz» onunla növbəti mövsümdə birdən-birə iki ilkə imza atdı. Klub tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarına yiyələndi, eyni zamanda, Konfrans Liqasında mərhələ keçdi.
Baxşıyev sonra yolundan azmasaydı, dost-tanışının gətirdiyi legionerləri dühərgəyə doldurmasaydı, «Araz», yəqin ki, yenə avrokubokların yolçusu olacaqdı.
Həyatdır, Zaur Həşimov o səhvi edəcək, ya etməyəcək, zaman göstərəcək. Ona hələ xeyli var. İndi isə Həşimovu bu məsələdən savayı heç nə qayğılandırmamalıdır - necə etsin ki, «Makasin Əfran» suyu bulandırmasın.
Çünki bizə bəllidir ki, o, vitse-prezidentin birinci seçimi olmayıb.
Ayxan Abbasov, Aftandil Hacıyev və digər bəzi məşqçilər İsmayılovun əsas siyahısında yer alıb. Onlar məhz İsmayılovun rəhbərliyi altında çalışmağı özlərinə yaraşdırmadıqları üçün «Şəfa»nın dəvətini geri çeviriblər.
Zaur Həşimov gərək gecə-gündüz Allahın ətəyindən yapışsın, dualarını çoxaltsın ki, «Şəfa» mövsümün ilk həftələrini normal keçirsin, məğlubiyyətləri sıralamasın.
Əks halda, İsmayılov ürəyindəki namizədi vəzifə başına gətirməkdən ötrü tez-tələsik fəaliyyətə başlayacaq, böyüklərin baş-qulağını aparacaq, «dəyişək» deyəcək. Nətəhər ki, bunu 2 il qabaq Azər Bağırova qarşı edib.
SPORTİNFO.AZ
