"Kəpəz"i hazırda Premyer Liqamızın ən azı büdcəsinə sahib klubu hesab etmək olar.
Zəngin futbol ənənəsi olan şəhərin klubu dövlət tərəfindən ayrılan 3 milyon manatın ümidinə qalıb.
Bilirik ki, heç də həmin məbləğlin hamısı əsas komanda üçün nəzərdə tutulmayıb.
Deməli, durum həqiqətən ürəkaçan deyil.
Amma bu da əsas vermir ki, hər xırda məsəllərin həllində də axsaqlıq göstərib, pul bəhanəsi ilə aradan çıxasan.
Məsələn, media sektoru kimi.
Uzun müddətdən sonra bu həftə Gəncəyə səfərim baş tutdu.
Ki, əzəmətli şəhərin xarabalığını xatırladan arenasında futbol izləyim.
Qərb derbisində "Kəpəz" - "Turan Tovuz"u qəbul edirdi. Adətən, futbol meydanlarında media sektorları ilk fürsətdə diqqət çəkəcək nöqtələrdə yerləşir.
Lakin Gəncə Şəhər stadionunda belə bir sektor yerləşmir! Kimsə mənə orada media sektoru olmasına inandıra bilməz. Azarkeşlərin arasında bır sıra ayırıb, media nümayəndələrin əyləşdirməklə media sektoru olmur. Dilləndirən kimi də hamı bir ağızdan "pul yoxdu" - deyir.
Bunun adı yoxluq deyil, saxta ağlaşmadır. Orada ən azı media sektorunun varlığını gözlər önünən gətirəcək görüntünü yaratmaq üçün elə arenın yan-yörəsindəki taxta-tərəbə də yetərlidir.
Mən hələ 5-10 manat ayırıb, normal şəraitin qurula biləcəyini demirəm. Buna nə büdcə? Buna nə pul?
Sadəcə əlini çırmalayıb, işin altına girmək, can yandırmaq lazımdır. Uzağa getmək də lazım deyil. Elə qonşu rayonda "Turan Tovuz" nümunəsi var.
Ötən mövsüm "Hüner Group"un hələ sponsor olmadığı, klubun yalnız dövlətdən ayrılan dotasiyaya ümid bağladığı zaman mətbuat nümayəndələrinin narazılığı qısa müddətdə aradan qaldırılmışdı.
Gəncə şəhər stadionunda tozdan əl qoymağa yer olmadığı halda, Tovuz Şəhər Stadionunda media sektoruna "xalça" döşənib.
Hə, sonrada şikayət edin ki, Tovuza sponsor gedir, amma bizə gəlmir.
XANOĞLAN / SPORTİNFO.AZ

