Xəbər verdiyimiz kimi, Premyer Liqa klubları ilə Peşəkar Futbol Liqası (PFL) arasında narazılıq yaranıb.
Bu, çempionatın təşkilatçısı olan qurumun «bazar» açmasıyla əlaqədardır.
Belə ki, PFL yeni mövsümdə istifadə olunacaq topların məcburi satışına başlayıb. Və üzərinə böyük pul qoyub.
PFL elita təmsilçilərindən yalnız «Adidas»a məxsus 50-100 ədəd «yuvarlıq meşin»i almağa tələb edib. Qiymət isə 230 manatdan başlayır.
Halbuki 1 il öncəyə, yəni, Ramin Musayevin PFL-in prezidenti olduğu dönəmə kimi belə tələb yox idi. Təşkilat topları klublara havayı verirdi.
Həmişə belə olub. Belə baxanda, PFL kasıb orqan deyil. Premyer Liqada 10 klubun çıxış etməsini və hər birinin minimum 50 top almalı olmasını nəzəra alsaq, PFL buradan 115 min manat irəli düşəcək.
Buna gərək var idi? Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev Sportinfo.az-a açıqlamasında bu haqda aşağıdakıları söyləyib:
"İlk olaraq onu qeyd edək ki, PFL heç kimi top almağa məcbur etmir. Bu toplar gətirilmədən öncə klublarla, onların məşqçiləri ilə məsləhətləşdirilib.
Artıq alıb istifadə edən komandalar isə indiyədək gətirilmiş ən keyfiyyətli toplardan biri olduğunu bildiriblər.
Əvvəllər vahid top yox idi. Kim hansı topla istəsə, oynayırdı.
Bu da futbolçuların haqlı narazılığına səbəb olurdu. Elə o zamanlardan toplar vahid olması üçün PFL tərəfindən gətirilir və klublara satılırdı.
Sonradan AFFA "Nike" şirkəti ilə əməkdaşlığa başladı. Nəticədə bu əməkdaşlıq çərçivəsində quruma geyimlərlə bərabər təqdim edilən toplar klublara 4 mövsüm təmənnasız verildi.
İndi federasiyanın hər hansı şirkətlə müqaviləsi yoxdur və vahid topla oynanılması üçün bu problem necəsə həll olunmalı idi. İndiki halda "stok"da, yəni bazada 1000 top tapmaq mümkün deyil.
Özünüz də araşdırma aparıb öyrənə bilərsiz ki, "Al-Rihla" toplarının şəhərdə satış qiyməti 330-350 manat arasıdır. Bizim məqsədimiz pul qazanmaq yox, çempionatın vahid topla oynanılmasıdır.
Müəyyən sayda top gətirmişik. O da hər hansı qazanc məqsədilə deyil. Topun alış qiyməti, gömrük, logistika xərcləri üzərinə qoyulub.
Uzun illərdir araşdırırıq. Bir kluba mövsüm ərzində 100 top lazım olur. Bura əsas və əvəzedici heyətlərin komandaları daxildir.
Amma klublar az da ala bilərlər. Mövsümü az topla keçirəcəklərsə, 100 top almaq məcburiyyətində deyillər.
Heç kimi məcbur etmirik və edə də bilmərik. Sadəcə, bunun oyunları, məşqləri var.
Toplar cırıla, yararsız hala düşə bilər. Həm Premyer Liqa, həm də əvəzedici komandaların çempionatında bu toplardan istifadə olunur.
Əslinə qalsa, bu topları gətirməklə özümüzə əlavə əziyyət veririk. Topları gətiririk, amma istifadə etdiyimiz maliyyənin geridönüşü isə klublar aldıqca olur.
Yəni bir növ özümüzü çətin duruma salırıq. Çünki bu, büdcəmizə maliyyə baxımından çətinlik yaradır.
Əgər vaxtında bu işi etməsəydik, açıq deyək ki, bu gün çempionatda hansı topdan istifadə olunacağı bəlli olmayacaqdı. Ya da əvvəllər olduğu kimi, kim hansı topla istəsə, oynayacaqdı.
Biri "Nike", o biri "Puma", başqa birisi "Adidas" və s. Klublar bunu istəmirdi. PFL-in isə o qədər büdcəsi yoxdur ki, topu alıb klublara hədiyyə etsin".

