İlk oyunda 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ” cavab qarşılaşmasında “Linkoln”un 4 cavabsız top keçirməklə Çempionlar Liqasında ikinci mərhələyə yüksəldi.
Bakı Olimpiya Stadionunda futbol adına hər şey ürəkaçan idi. Lakin jurnalistlərin üzləşdiyi problem əhvalımıza “doğan doğradı”.
Çempionlar Liqası kimi mötəbər yarışa ev sahibliyi edən ölkənin bir nömrəli idman arenasının iki liftindən biri sıradan çıxmışdı, digərinin sürəti olduqca zəif idi.
Bu da son nəticədə beşinci mərtəbəyə qalxıb-enməkdə çətinlik yaradır, dəhlizdə qələbəliyə səbəb olurdu.
Halbuki, bu cür oyunlardan əvvəl stadionun bütün texniki-elektronik qurğuları yoxlanılmalı, problemlər vaxtında aşkarlanıb, aradan qaldırılmalıdır.
Bəxtimiz gətirdi ki, rəqib Cəbəllütariq təmsilçisi idi və buna görə də Avropadan jurnalistlər gəlməmişdi. Xaricdən 5-10 həmkarımız gəlsəydi, yaşanan nöqsana görə dağ boyda BOS gülünc vəziyyətdə qalacaqdı.
Məsələyə aydınlıq gətirmək üçün stadionun mətbuat katibi Fərid Əsədovla əlaqə saxlayıb, günahkarı müəyyən etməyə çalışdıq:
“Oyun günü jurnalistlərə xidmət göstərən sərnişin liftində nasazlıq eşkar edilən kimi əməkdaşlarımız qurğunu dayandırıb.
Problemin kökünü müəyyənləşdirmək, son nəticədə aradan qaldırmaq qısa müddətdə həll olunmayacağından, bu barədə stadion rəhbərliyinə məlumat verilib.
Rəhbərlik də öz növbəsində problemin kökünü müəyyən etmədən liftin istifadəyə verilməsinə görə risk etmək istəməyib. Qərara alınıb ki, qurğu qapadılsın.
Biz hər məsul oyundan əvvəl elektronik və mexaniki avadanlıqların sazlığını yoxlamaq üçün xidmət göstərən şirkətləri dəvət edirik. Bu dəfə də yoxlanış olub. Sadəcə, elektronika elədir ki, hər an sıradan çıxa, nasazlıq yaşana bilir.
8 ildir BOS-da çalışıram, hansısa liftin sıradan çıxmasının şahidi olmamışam. 8 ildə ilk dəfə lift dayandı və bu da “Qarabağ”ın Çempionlar Liqasındakı matçına təsadüf etdi və siz jurnalistlərin istifadə etdiyi liftlə bağlı oldu.
Hazırda nasazlığın aradan qaldırılması üçün podratçı şirkətin ixtisaslaşmış əməkdaşları bu işlə məşğuldur. Problem ən qısa müddətdə aradan qaldırılacaq və “Qarabağ”ın “Rakuv”la oyununda analoji hal təkrarlanmayacaq.
Özümüz də istəmədən, bizdən asılı olmayan səbəbdən vaxtınızı aldığımızın, rahatlığınıza əngəl olduğumuzun fərqindəyik. Buna görə stadionda olan hər bir jurnalistdən üzr istəyirik. Razılaşarsız ki, insan sağlamlığı hər şeydən önəmlidir.
Liftdə nasazlıq ola-ola çalışmasına icazə verilməsəydi, daha böyük fəlakət ola bilərdi. Rəhbərlik də bu riskə razı olmadı. Yaşanmış narahatlığa görə bir daha üzr istəyirik”.
Fərid bəyin söylədiklərini anlayışla qarşılayır, növbəti oyunlar zamanı stadionda bu və buna bənzər problemlərin yaranmayacağına ümid edirik.
HƏBİB / SPORTİNFO.AZ

