Premyer Liqaya vəsiqə qazanan “Araz-Naxçıvan” çempionatın əvvəlində rəqiblərini Bakıda qəbul edəcək.
Naxçıvan şəhər stadionunda çatışmazlıqların aradan qaldırılması üçün müəyyən vaxta ehtiyac var deyə, bu cür qərar qəbul olunub.
Əsl həngamə komanda ev oyunlarını Muxtar Respublikada keçirəndə başlayacaq.
Təyyarə ilə paytaxtdan Naxçıvana yollanmağın çətinliyi barədə “kiçik torpaq”da yaşayanlar yaxşı bilir. Bilet tapmaq onsuz da çətindir. Bayram günlərində isə, bu, mümkünsüzə çevrilir.
Səfər oyunları üçün səfərə yollanmalı olacaq komandaların əziyyətlə üzləşəcəyini müəyyən etmək çətin deyil.
Klub və komanda üzvləri azı 30-35 nəfər təşkil edir ki, həmin heyətə bilet tapmaq, onların hava limanına sürətli giriş-çıxışını rahat şəkildə təmin etmək vaxt aparan işdir.
“Araz-Naxçıvan”ın ev oyunları zamanı Bakıdan ölkənin o biri tayına jurnalist və azarkeşlər də səfər etmək istəyəcək. Yenə bilet tapmaq probleminin yaşanması işimizi çətinə salacaq.
Qeyd olunan məsələ Peşəkar Futbol Liqasının diqqət mərkəzindədir.
Bu barədə qurumun vitse-prezidenti Aslan Şahgəldiyev Premyer Liqanın növbəti mövsümünün püşkatma mərasimində Sportinfo.az-ın əməkdaşının sualını cavablandırarkən danışıb:
“Vacib məsələyə toxunmusunuz. Bəli, dediyiniz mövzu PFL-in diqqətindədir. Xüsusən də bayram günləri ərəfəsində biletlə bağlı çətinlik baş qaldırır.
Bu barədə klublarla danışığımız olub, AZAL-a da müraciət etmişik. Öncədən bron edilmək şərti ilə biletlərin alınması, komanda üzvlərinin təyyarəyə ayrıca xətlə daxil olması və çıxması, kollektiv olaraq eyni yerdə əyləşməsi – bu kimi məsələləri AZAL-la razılaşdırmağa çalışırıq.
Ümid edirik ki, “Araz-Naxçıvan” ev oyunlarını doğma meydanda keçirənə qədər məsələ həllini tapacaq”.
HƏBİB

