Erməni deputat, hakim “Vətəndaş sazişi” partiyasının üzvü Gevorq Papoyan keçmiş xarici işlər naziri Vardan Oskanyanın “məni müzakirəçi təyin etsələr, 3 aya Qarabağ məsələsini həll edərəm” sözlərinə sərt təpki göstərib.
Bu barədə o, parlamentdə jurnalistlərlə söhbəti zamanı danışıb.
“Vardan Oskanyan 10 il xarici işlər naziri olub, bildiyimə görə, Levon Ter-Petrosyanın dövründə o, 5-7 il xarici işlər nazirinin müavini vəzifəsini daşıyıb.
Bütün bu dövr ərzində Qarabağ məsələsi ilə məşğul olub. Əslində Vardan Oskanyana 15 il 3 ay vaxt lazım idi. Levon Ter-Petrosyan ona 5 il, Robert Köçəryan isə 10 il vaxt verdi. Ona görə də onun dediyi axmaqlıqdır”, - deyə Papoyan bildirib.
“Oskanyanın keçdiyi, bu gün haqqında danışdığı yol müharibə yoludur. İndi də o, daha 3 ay işləməyi təklif edir ki, biz növbəti müharibə ilə üz-üzə qalaq. Mən Vardan Oskanyanın bunu həyata keçirməsinə imkan verməyəcəm”, - deyə erməni deputat söyləyib.

