Premyer Liqaya vəsiqə qazanan “Araz Naxçıvan” kritik vəziyyətdədir.
Elitadakı bütün komandalar hazırlığa başladığı halda, Muxtar Respublika təmsilçisində sükut hökm sürür.
Ötən mövsüm kluba sponsorluq edən “Cahan Holdinq”in adamları yoxa çıxıb, “Araz Naxçıvan”a yaxın duran yoxdur. Yaxın durmaq bir yana, klubun gələcək taleyi qeyri-müəyyəndir.
Əlbət, hansısa formada Premyer Liqada oynayacaqlar. Son anda olsa belə, hansısa qurumun səxavətinə bel bağlayıb xərcləri birtəhər qarşılayacaqlar. Amma söhbət bu gündən və sabahdan gedirsə, vəziyyət acınacaqlıdır.
Elita klubları seleksiya işinə çoxdan start verib. Ölkədəki ikinci və üçüncü dərəcəli yerli futbolçular özlərinə iş yeri tapıb və tapmaqdadır. Lakin “Araz Naxçıvan”da bir nəfər də olsun müqaviləli futbolçu yoxdur.
Ötən mövsüm Birinci Divizionda çempion olan heyətdən bütün oyunçuların klubla sözləşməsi başa çatıb. Yeni anlaşma əldə etmək üçün nə sənəd var, nə möhür, nə də maliyyə söhbəti edən.
İş o yerə çatıb ki, komandanın baş məşqçisi Azər Bağırov, klubun icraçı direktorunun müavini Sakit Rzayev jurnalistlərin zənginə cavab vermir. Çünki, deməyə söz yoxdur. Mövcud durum haqda söz açıb, özlərini pis vəziyyətdə qoymaq istəmirlər.
Nə vaxtsa sponsor tapılacaq, kimsə prezident postunda əyləşəcək, başa düşdük. Bəs, baş məşqçi komandanı necə yığacaq? Yüksək yox, orta səviyyəli futbolçuları hardan tapacaq? O boyda Respublikanın komandası çempionatda hansı məqsəd uğrunda mübarizə aparacaq?
Stadionun aqibəti ilə bağlı durum da qeyri-müəyyən qalmaqdadır. PFL rəsmiləri arenanı təftiş edib, mövcud problemlərin aradan qaldırılması üçün vaxt verib. Ancaq indiyə qədər heç bir nöqsan həllini tapmayıb.
Ayyarımdan sonra çempionat başlayacaq, “Qarabağ”, “Neftçi”, “Sabah” kimi avrokubok iştirakçılarını qəbul edəcək Naxçıvan şəhər stadionunda çatışmazlıqlar N qədərdir.
Görünən və bilinən odur ki, “Araz Naxçıvan” və Naxçıvan futbolu bu heç kimə lazım deyil. Komandanın elitaya buraxılması isə kimlər üçünsə böyük dərd olub.
İndi hamı oturub “yuxarıdan” qəfil basılacaq düymənin əzəmətinə ümid edir. Hələ o da şübhə altındadır. Bayram günləri davam edir, qarşıdan iyul ayı gəlir. Avqustda isə çempionat başlayır.
Bu vəziyyətdə olan klubun Premyer Liqaya buraxılmasına nə gərək var idi?
P.S.: Ötən yay avtobusu, forması, həkimi, dərmanı olmayan “Turan Tovuz”un halına baxıb ağlayırdıq. Ancaq həmin komanda futbolçuları başına yığıb, Gürcüstana təlim-məşq toplanışına yollanmışdı.
HƏBİB / SPORTİNFO.AZ

