Premyer Liqanın qapıları üzünə açılan klubun başının üzərini alan QARA BULUDLAR

19 İyun 2023 21:20 Problem 1 670
Premyer Liqanın qapıları üzünə açılan klubun başının üzərini alan QARA BULUDLAR

Premyer Liqada iştirakına icazə verilən “Araz Naxçıvan”ın başı dərddədir.

Muxtar Respublikanı təmsil edəcək komanda rəqiblərini Naxçıvanın şəhər stadionunda qəbul edəcək ki, burada elita tələblərinə cavab verəcək şərait mövcud deyil. Nöqsanlar qısa müddətdə aradan qaldırılmalıdır.

Birinci Divizionu çempion qismində başa vuran kollektivdə çox az sayda futbolçu qalıb.

Hətta mövcud heyətlə belə, Premyer Liqada mübarizə aparmaq mümkün deyil. Təcrübəli yerli oyunçular və legionerlər gətirilməlidir. Bunun üçünsə yetərli büdcə yoxdur.

Problemlər bununla bitsə, dərd yarı.

AFFA-nın lisenziya tələblərindən biri də yüksək dəstəyə buraxılan klubun aşağı yaş qruplarından ibarət komandalarının olmasıdır. Yəni, bu, şərtdir.

Bu, o deməkdir ki, “Araz Naxçıvan”ı aşağı liqalarda komandalar təmsil etməlidir.

Bu, həm də o deməkdir ki, “Araz Naxçıvan” müvafiq yaş qruplarından ibarət liqalarda təmsil olunacağı halda, rəqiblər Naxçıvana səfər etməlidir.

Orta hesablamaya görə bir komandanın Bakıdan Naxçıvana təyyarə ilə uçub, bir gün orada qalması və qidalanması təxminən 5-6 min manata başa gəlir.

Deyək ki, ildə iki dəfə Muxtar Respublikaya yollanacaq kollektivlər bu xərci qarşılaya bildi.

Bəs, ayda azı iki dəfə sərhəddi bu tərəfə keçməli olan “Araz Naxçıvan”ın U-15, U-17, U-19 və əvəzedici komandalarının aqibəti, daha doğrusu, xərci necə olacaq? Kim qarşılayacaq? Hansı pulla?

Çox güman, lap aşağı yaş qrupları Naxçıvanın özündə təşkil olunan yarışlarda iştirak edəcək. U-15 və daha üst yaş qrupları Bakıda məskunlaşacaq.

Belədə, naxçıvanlı uşaqlar harada məskunlaşacaq? Yox, heyət naxçıvanlı olmayanlardan təşkil olunacaqsa, o zaman “kiçik torpağ”dan olan futbolçular harada yetişəcək?

Suallara cavab tapmaq üçün mövzuya qayıdacağıq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti