Mahir Emreli bir daha milliyə çağırılmayacaq?

23 Mart 2023 13:00 Problem 4 152
Mahir Emreli bir daha milliyə çağırılmayacaq?

Son günlər Mahir Emreli ilə bağlı xəbərlər, söz-söhbətlər çoxalıb.

Bunda kim və niyə maraqlıdır, bilmirəm.

Hiss edirəm ki, onunla Canni De Byazi arasında ziddiyyətlər əmələ gəlib və daha da dərinləşməyə doğru gedir.

Zaqreb «Dinamo»sunun «Konyaspor»a icarəyə verdiyi hücumçunun Türkiyə klubunda möhkəmlənmək istəyi başadüşüləndir.

«Qarabağ»dan ayrıldığı ilyarım ərzində artıq üç komanda dəyişən 25 yaşlı forvard Polşa və Xorvatiyada edə bilmədiklərini qardaş ölkədə sərgiləməyi arzulayır, sadəcə, bunu necə edəcəyini müəyyənləşdirməyə çətinlik çəkir.

Qorxur ki, burada da tezliklə ehtiyata düşər və bundan sonra ona yalnız «Bandırmaspor», «Pendikspor», «Pazarspor», «Zonkuldakspor» kimi məhəlli komandalardan təklif gəlir.

Xaraktirindən dolayı başına gəlməyən iş gəlməyib. Mən De Byazinin Mahiri bir də milliyə çağırmamasından narahatam.

Qasıq nahiyəsindən yüngülvari zədə alan hucumçunun yığmanın səfərə çıxmasını gözləmədən Türkiyəyə dönməməsi baş məşqçiyə yer edib.

65 yaşlı italiyalının ondan AFFA mənsublarına şikayətlənməsi yönündə gələn son məlumatların həqiqət dərəcəsini bir müddət sonra ölçəcəyik. Hələlik isə biz yalnız «qara siyahı»nın genişlənəcəyi barədə təxminlərimizi irəli sürə bilərik.

De Byazi hər nə qədər yumşaq və deyib-gülən adama oxşasa da, Qara Qarayev və Maksim Medvedevlə bağlı hadisələrdən gördük ki, o, kiinli, tərs biridir.

Kim taktiki baxışlarını yarızarafat-yarıciddi qamçılayırsa, onun qəzəbinə tuş gəlir. Əslində, De Byazinin Qarayevi boyunun qısalığına görə yığmanın qapısının arxasında saxlaması bəhanədir.

Qara baş məşqçinin məşq proqramına və heyət seçiminə etiraz etməsi səbəbindən hazırkı vəziyyətlə üzləşib.

Mahir Emreli bütün bunları nəzərə almalıydı. Əlbəttə, De Byazinin rəhbərliyi altında millinin formasını geyinmək istəyirsə.

Ola bilər, istəməsin. Klub karyerası arzuladığı kimi inkişaf etmədiyindən, ağlını yalnız «Konyaspor»a verməsi öz seçimidir. Ancaq bütün hallarda millinin oyunları bu hücumçu üçün bit vitrindir.

Mahir özünü ölkənin bir nömrəli komandasının ayrılmaz parçası sayırdısa, elə qalıb burada zədəsini müalicə elətdirə bilərdi. Avstriya və İsveçlə qarşılaşmalarda meydana çıxmasa belə, yoldaşlarına mənəvi dəstəyini verməsi arzuolunan idi.

Bu hadisə Kamran Ağayevi, 2018-ci ilin payızını yadıma saldı.

Xatırladım ki, Qurban Qurbanovun çalışdırdığı yığma Millətlər Liqasının qrup mərhələsinin Kosova ilə həlledici oyununa yollanırdı və həmin vaxt kapitan sarğısını qolunda gəzdirən qapıçı zədəsini bəhanə gətirərək, qafiləyə qoşulmadı, Bakıda qaldı.

Ondan belə nələr oldu, nələr olmadı, hamı bildi, hamı gördü. Kamran o gedən birdəfəlik getdi: ictimai qınağa tuş gəldi, bir daha özünə gəlmədi.

«Sonrakı peşmançılıq fayda verməz» deyirlər. Mən də deyirəm, Mahir bu taleyi yaşamasa yaxşıdır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti