“Şamaxı“ Premyer Liqaya yaxşı başlayıb.
Altı tura 9 xal Azər Bağırovun uğurudur.
O, “Araz-Naxçıvan“ı 2:1 udduqları oyundan sonra Ayman Bualinin zədə səbəbindən komandaya kömək edə bilmədiyini açıqlayıb.
Baş məşqçinin sözlərinə görə, yarımmüdafiəçinin məşq zamanı mikrozədəsi yaranıb və bu səbəbdən qarşılaşmanı buraxıb.
Bu detal “Şamaxı”nın heyət dərinliyi baxımından da əhəmiyyətlidir. Komanda qarşılaşmaya vacib hücum resurslarından birinin yoxluğunda çıxsa da, iki penalti hesabına yaratdığı üstünlüyü qoruya bilib.
“Araz-Naxçıvan” üçün isə məğlubiyyət yalnız bir oyunda xal itkisi deyil, mövsümün ilk hissəsindəki problemlərin davamı kimi qiymətləndirilir.
“Şamaxı“ ilə “Araz-Naxçıvan”ın heyətlərini müqayisə etsək, arada ciddi fərqin olmasını görərik. “Şamaxı“ yalnız AFFA-nın ayırdığı dotasiya hesabına komanda formalaşdırıbsa, “Araz“ əlavə sponsor dəstəyinə arxalanır.
Təkcə Patrik Andrade ilə Şarl Bolinin aldığı pul əyalət təmsilçisinin illik büdcəsindən çoxdur. Onlar gərək bu kontingentlə medallar uğrunda mübarizə aparsınlar, turnir cədvəlinin ilk “altılığ“ında yer alsınlar.
Burada ən böyük səhv Zaur Axundovdadır.
Naxçıvan Futbol Federasiyasının prezidenti yayda Elxan Məmmədovun sözünə qulaq asıb Cavid Hüseynovu gətirməklə böyük səhvə yol verdi. Azər Bağırovu 2,5 illik aradan sonra geri qaytarsaydı, “Araz“ indi aşağı yerlərdə sürünməzdi.
Axı baş məşqçinin düzgün seçilməsi yaxşı nəticənin yarısıdır.
MUSA
