"Sponsora deyə bilməzsiz ki, pulu kluba ödəmə, gətir bizə ver, biz bölək"

14 May 2022 09:20 Problem 795
"Sponsora deyə bilməzsiz ki, pulu kluba ödəmə, gətir bizə ver, biz bölək"

“Komandaların rəqabətə davamlı heyətləri, dayanıqlı sponsorları olmalıdır ki, müstəqil olsunlar”.

Sportinfo.az xəbər verir ki, bu fikirləri komanda.az-a açıqlamasında futbol meneceri Səbuhi Səfiyarlı səsləndirib.

Səfiyarlı bildirib ki, Azərbaycanda futbol klubları müstəqil olmadıqca, AFFA-nın verdiyi puldan asılılıqları davam edəcək və bu da problem yaradacaq:

“Komandalar müstəqil olmadıqca, hansısa federasiyanın verdiyi puldan asılı olduqca, söz-söhbətlər həmişə olacaq, idarəçilikdə həmişə problemlər çıxacaq.

Federasiya bu istiqamətdə hansısa addım atmağa çalışır. Futbolun İnkişafı Fondunu yaradıblar. Lakin əmin deyiləm ki, Futbolun İnkişafı Fondu bizə lazım olan suallara cavab verə bilsin.

Bizə daha çox müstəqil sponsorların futbola cəlb olunması lazımdır. Əminəm ki, sponsorluq etmək istəyən insanlar var.

Mənim həvəskar kimi iştirak etdiyim turnirlər var ki, orada olan rəqabət, sponsorların yaratdığı komandalar, xərclədiyi pullar, gətirdiyi məşqçilərdən görürəm ki, futbola pul xərcləmək istəyirlər.

Məsələn, həmin adamlar çox rahatlıqla ikinci liqada komanda saxlaya bilərlər. İkinci liqada maraqlı rəqabət olsa, yaxşı bir layihə fikirləşsələr, sponsorlar cəlb etmək olar. Sadəcə olaraq, klubların müstəqil olmasına şərait yaratmaq lazımdır”.

Səfiyarlı Futbolun İnkişafı Fondunun sponsorluq etmək istəyən şəxslərin pulu birbaşa kluba deyil, onlara ödəməli olduğu mexanizminin uğurlu olmayacağını deyib:

“Məsələn, Futbolun İnkişafı Fondu istəyir ki, kimsə gəlsin, ona pul ödəsin, fond özü həmin pulu klublar arasında bölsün. Amma bu, çətin məsələdir.

Çünki kimsə müəyyən komandaya pul ödəyib sponsor olmaq istəyirsə, ona deyə bilməzsiz ki, pulu kluba ödəmə, gətir bizə ver, biz bölək.

Kluba çox pul qoyub sponsorluq etmək istəyən insan pulun xərclənməsinə özü nəzarət etmək istəyir və buna şərait yaratmaq lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"