"Hər dəfə onu görəndə, ürəyim ağrıyır, özümə gəlməyə çətinlik çəkirəm"

3 Dekabr 2021 09:40 Problem 890
"Hər dəfə onu görəndə, ürəyim ağrıyır, özümə gəlməyə çətinlik çəkirəm"

Ötən ilin noyabrında koronavirusa yoluxan Qəhrəman Əliyev növbəti dəfə həkim müayinəsindən keçirilib.

Xəstəlik tapandan sonra beyin insultu keçirmiş tanınmış məşqçinin səhhətində irəliləyiş qeydə alınmayıb.

Onun qardaşı Seyran Əliyevin Sportino.az-a bildirdiyinə görə, həkimlər gözləməkdən başqa çıxış yolu göstərmir:

"Bilirsiz ki, o, ev şəraitində müalicə olunur. Orada, elə bilin ki, kiçik palata qurmuşuq. Gündə iki həkim növbə ilə ona qulluq edir.

Qəhrəmanın hər iki beyin yarımkürəsinin 70 faizi zədələnib. Yeddi-səkkiz ay əvvəl vəziyyəti necə idi, indi də elə qalıb.

Gündə bir neçə saat yanında oluram, inanın, hər dəfə onu görəndə, ürəyim ağrıyır, özümə gəlməyə çətinlik çəkirəm. Bilmirəm bu nə baladır, düşmüşük.

Bu qədər həkim, professor gəlib Qəhrəmanı müayinə edib, hamısı təəccüblənir vəziyyətinə. Deyirlər ki, yalnız hər milyon adamdan biri belə xəstəliklə üzləşə bilər. O da gəlib düşüb qardaşımın bəxtinə.

Allahdan ümid üzülməz. Hamımız səbirsizliklə oturub gözləyirik ki, komadan ayılsın. Nə qədər belə çəkəcək, nə vaxt ayılacaq, heç kim deyə bilmir.

Hər şey Allahın əlindədir. Hərdən görürsən ki, gözlərini açır, o tərəf-bu tərəfə baxır. Adını çəkirsən, qaşlarını tərpədir.

Amma heç kimi tanımır, gözlərini məchul bir nöqtəyə dikib qalır. Hərdən də ağrıları o qədər güclü olur ki, iniltisini saxlaya bilmir.

Şəkəri və təzyiqi var, bu da əlavə bir problemdir".

Digər Xəbərlər
Xəbər Lenti