İtaliyan BABA, problem "Zirə"nin adıdır, yoxsa Rəşad Sadıqov?

8 Oktyabr 2021 16:00 Problem 2 061
İtaliyan BABA, problem "Zirə"nin adıdır, yoxsa Rəşad Sadıqov?

"Qarabağ"dan - 9 futbolçu

"Sumqayıt" - 6 futbolçu

"Neftçi" - 2 futbolçu

"Keşlə" - 1 futbolçu

"Qəbələ" - 1 futbolçu

"Sabah" - 1 futbolçu

Yuxarıdakı tablo Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin Premyer Liqa klublarından əsas milliyə dəvət etdiyi futbolçuların sayını əks etdirir.

Lider "Qarabağ" son illər olduğu kimi yenə bu baxımından ən öndə gedən klubumuzdur. Millinin "yükü"ni götürmək sanki onların boynuna biçilib.

Siyahıda ilk təəccüb yaradan məqam əsas milliyə "Qarabağ"dan sonra ən çox futbolça verən komandanın "Sumqayıt" olmasıdır. Bu artıq son dönəmlər dəb halını alıb. "Sumqayıt" da bizim klubdur. Mənim nə klubla, nə də ordakı futbolçularla aramda bir qərəz yoxdur. Amma bu qədər də yox axı...

Hazırkı "Sumqayıt"lılardan heç baş məşqçi Ayxan Abbasov razı deyil. Niyə də razı olsun. Məhz elə həmin 6 nəfərin özəyini təşkil etdiyi kollektiv son 3 görüşdə cəmi 1 xal qazana bilib. Amma cənab De Byazi üçün onlar yaxşı olaraq qalmaqdadır. Niyə?

Son çempion "Neftçi"dən 2 futbolçunun çağrılmasını da hardasa başa düşmək olar. Çünki legioner bolluğu yaşayan Samir Abasov limit ucubatından məcbur olub yerlilərə şans verir. Təbii ki, Emin Mahmudov kimisi istisna.

Premyer Liqa klublarımızdan dəvət alan digər 3 futbolçu isə 3 klubun - "Qəbələ", "Keşlə, və "Sabah"ın payına düşür.

"Səbail" və "Zirə"li futbolçular isə italiyanın marağından tam uzaqdır. "Səbail"i müəyyən qədər başa düşdük. Komanda son 3 görüşü məğlubiyyət alıb. Heyətdəki futbolçuların səviyyəsi milli üçün yetərli deyil.

Bəs "Zirə"? Buna nə deyirsiniz? İlk qələbəsini son turda qazanan "Keşlə"dən, mövsümdə qələbəyə hələ də həsrət qalan autsayder "Sabah"dan milliyə layiq futbolçu var, amma çempionatın iddialı klublarından sayılan "Zirə"dən yox?

Son 3 oyunda 1 xal qazanan "Sumqayıt"dan 6 futbolçu milliyə layiq oldu, amma 7 xal qazanan "Zirə"dən yox?

Bunun adı qərəz deyil, bəs nədir? Bu sadalanan faktların fonunda məni ədalətli seçimə necə inandıra bilərsiniz? Məsələ "Zirə"nin adıdır, yoxsa baş məşqçisi Rəşad Sadıqov?

O iddiada deyiləm ki, "Zirə"nin yerliləri hamısı hazırda əla çıxış edirlər. Amma ən azından çağrılan digərlərindən pis deyillər axı. Az qala klubsuz olanda millinin qapıları üzünə açıq olan Təmkin Xəlilzadə indi "Zirə"dədir deyəmi dəvət almayıb? De Byaziyə bu suallar verilsə, yəqin ki, deyəcək mənim sistemimə uyğun gəlmir. Əcəb işə düşmüşük də...

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti