Aleksandr Çertoqanov, Fabio Subaşiç, Fabio Luis Ramim...
Əslində, son 15 gündə "Sportinfo"ya müsahibə verən millimizin sabiq milliləşdirilmişlərinin siyahısında Vladimir Levin də olmalıydı.
Vaxtilə “İnter”lə “Qəbələ”nin, eləcə də, Azərbaycan yığmasının şərəfini qoruyan və 10 ildən artıq müddətdə ölkəmizdə yaşayan ukraynalını deyirəm.
Lakin Levin nə Çertoqanov ola bildi, nə Subaşiç, nə də Ramim. Azərbaycandan gələn zəngə cavab verən Volodya jurnalist olduğumu eşidən kimi bir müddət duruxdu, məşqdən çıxdığını deyib “qaçmaq” istədi. İsrarımı görüncə, öz aləmində müsahibəyə razılıq verdi.
- Necəsən? Nə var, nə yox?
- Yaxşıyam. Sən necəsən?
- Biz də yaxşıyıq, şükür... Nə işlə məşğulsan? Nə edirsən?
- Elə indi məşqdən çıxdım.
- Futbol oynayırsan, yoxsa məşqçilik edirsən?
- Yox e, nə futbol? Dizimdəki zədə imkan vermədi. Məşqçi işləyirəm.
- Harda?
- ...
- (klubun adını asta səslə deyir deyə, eşidə bilmirəm) Üzr istəyirəm, harda?
- Klubda, klubda. (gözlə, paltarlarımı dəyişim, mən sənə geridönüş edirəm)
O gözlə, bu gözlə, bir neçə saat gözləsəm də, zəng etmədi. İsrar edib özüm zəng etdim, cavab vermədi. “Vatsap”ına yazdığım mesajlar da cavabsız qaldı. Qısası, vaxtilə Azərbaycanın pullarını Ukraynaya daşıyan, Azərbaycan millisinin hesabına CV-sini gücləndirən, Azərbaycanın suyunu içib, çörəyini yeyən Volodya azərbaycanlı jurnalistə müsahibə verib, Azərbaycan xalqına salam göndərməyi özünə rəva bilmədi.
Adım kimi əminəm ki, müsahibədən qaçmasının kökündə “harda işləyirsən” sualı dayanırdı. Belə olmasaydı, həmin sualı eşidəndə dili topuq vurmaz, sonra da sakitcə aradan çıxmazdı. Ya, işləmədiyi halda yalan uydurub özünü məşqçi kimi təqdim etmək istəyirdi, ya da, erməni dığalarının klubunda işlədiyinin fərqinə varıb “dərinə getməkdən” qorxdu.
Hər nə olursa olsun, Levinin etdiyi hörmətsizlikdir. Bunun başqa adı yoxdur. Burda qazandığı pulların hesabına şellənib, indi buranı vecə almayanın bizim tərəflərdə bir adı var – Çörəyi dizinin üstündə olan. Görək digərləri də Vladimir kimi naxələf çıxacaq, yoxsa əksinə...
HƏBİB

