Burada neçə-neçə Mahir yetişəcəkdi, yerlə bir etdilər…

2 Oktyabr 2021 10:40 Problem 2 318
Burada neçə-neçə Mahir yetişəcəkdi, yerlə bir etdilər…

Son vaxtlar Mahir Emreli daim gündəmdədir.

İki aydan çoxdur ki, adıı dillərdə əzbərə dönüb, elə gün olmur, onun barədə hansısa yeni xəbər almayaq, eşitməyək.

O da «Legiya»da vurduğu qollarla həm özünü diqqət mərkəzində saxlayır, həm də sevindirir.

Yayda «Qarabağ»ı Varşava klubuna dəyişən hücumçu qısa müddətdə Polşada böyük pərəstişkar ordusu toplayıb.

Bu gün Varşavada şəhər meri postuna seçkilər keçirilsə, bəlkə də o, qalib olar, digər namizədləri böyük fərqlə arxada qoyar. B

u, hələ onun iyuldan bəri qazandığı diqqət və hörmətdir. Qollarının davamını gətirsə, adını «Legiya»nın şərəf löhvhəsinə həmişəlik yazdıracaq.

Legioner həyatı yaşamağı qərar verməsi Mahiri hamıya tanıtdı. Eyni zamanda sübuta yetirdi ki, «Azərbaycanda futbol olmayıb və futbolçu çıxmayıb» kimi iddialar çürükdür, boş məfkurədir.

Bu, qəsdən ortaya atılmış fikirdir və futbolda səlahiyyət yiyəsi olub da, əlindən heç bir iş gəlməyənlərin, yalnıız öz şəxsi maraqlarının qayğısına qalanların, ciblərini doldurmaqdan savayı heç nə düşünməyənlərin ortaya atdığı bəhanəsidir.

İz azdırırlar, amma Mahirin timsalında görürük ki, istedadlar var, sadəcə, şərait yoxdur.

Şərait demişkən, Mahir «Bakı»nın yetirməsidir. Hanı indi o «Bakı»? 6 il öncə fəaliyyətini dayandırdı, 2 il öncə də bazası yerlə-yeksan edildi.

Mövcud olduğu illərdə böyük inkişaf yolu keçən, özünə beynəlxalq standartlara cavab verən səviyyədə infrastruktur quran klubun adı artıq hər yerdən silinib, sadəcə, ürəklərdə, xatirələrdə qalıb.

«Bakı» cəmi bir neçə il ərzində müxtəlif yaş qrupları üzrə millilərə 40-dan artıq futbolçu hazırladı. Mahir Emreli ilə yanaşı, Namiq Ələsgərov, İsmayıl İbrahimli və daha neçə-neçə nəfərin adını çəkə bilərik.

Hafiz Məmmədovun qurduğu klubun uşaq futboluna diqqət və qayğısı ilbəil artırdı və əgər məşhur iş adamının biznes dünyası süquta uğramasaydı, hazırda Azərbaycan futbolu onlarla Mahirə sahib olacaq, uğurları ilə öyünəcəkdi.

«Bakı»nın akademiyasında Mahirdən qat-qat istedadlı, böyük gələcək vəd edən yeni nəsil yetişməyə başlamışdı. Ki, kimlərinsə bunu gözü götürmədi,

Hafiz Məmmədovun «biznes imperiyası» çökdürüldü, ən ağır zərbəni də «Bakı», onun perspektivli uşaq və yeniyetmələrlə dolu, bulaq kimi qaynayan akademiyası aldı. Bununla, ölkə futbolunun gələcəyini kor, istedadlarını zəlil etdilər.

Vaxtilə Kriştanu Ronaldo kimi çoxsaylı dünya ulduzlarının ayaq basdığı, şəraitindən məmnun qaldığı bazanın yerində indi yaşayış massivi tikilir.

Bu ərazinin yanından keçəndə, inanmaq olmur ki, bir zamanlar burada paytaxtın ən möhtəşəm futbol kompleksi fəaliyyət göstərib, hər gün yüzlərlə uşaq və yeniyetmə sabahın ulduzu olmaq ümidi ilə körpünün bu başından o başına adlayıb.

İnanmaq olmur ki, bu gün «Legiya»nın heyətində xaruqələr yaradan, İngiltərənin məşhur klublarından «Lester»ə qələbə qolunu vuran Mahir illər öncə futbolda ilk addıımlarını həmin bazada atıb.

İnanmaq olmur ki, orada balaca Mahirin ayaq izləri var.

İnanmaq olmur ki, Mahirin isti təri o toprağın canına hopub, otuna qarışıb, onu cücərdib.

İnanmaq olmur ki…

Dəhşətdir bu!

İLKin

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti