Bir vaxtlar bəh-bəhlə Azərbaycan millisinə dəvət edilən Renat Dadaşov uzun müddətdir kölgədə qalır. Daha dəqiq 1 ildən artıqdır milli komandanın qapıları onun üzünə bağlanıb.
Renat sonuncu dəfə 2020-ci ilin sentyabr ayı Millətlər Liqasının oyunları çərçivəsində Lüksemburq və Kipr millilərinə qarşı oyunlar üçün milli komandaya çağrılıb və cəmi 32 dəqiqə meydana çıxmaq şans qazanıb.
"Vulverhempton"a məxsus olan, amma hazırda icarə əsasında Portuqaliyan "Tondela" komandasında çıxış edən 22 yaşlı hücumçu son zamanlar adından söz etdirməyi bacarır.
O, yeni klubunda meydana çıxdığı 7 görüşdə 2 dəfə fərqlənib. Hər iki qolunu da son oyunlarda vurub. Bundan əlavə istedadlı futbolçu son görüşdə oyunun ən yaxşı futbolçusu seçilib.
Adətən ölkə xaricində olan milli üzvləri sorğu-sualsız əsas komandaya dəvət alırlar. O ki qalmışdı uğurlu çıxış edəni.
Millimizin çalışdırıcısı dünənə kimi Renatın əsas milliyə dəvət almamasına nəsə "don" geyindirə bilərdisə, artıq indi çağırmaq məcburiyyətindədir. Çünki Renat son oyunlardakı performansı ilə De Byaziyə başqa yol buraxmayıb.
SPORTİNFO.AZ

